Vəzifəmiz üzvlərin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsidir


Baxıldı : 146

Tarix : 2019-10-18 17:13:13


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il oktyabrın 13-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-si “Energetiklər Günü” kimi qeyd olunur.

Azərbaycan energetiklərinə göstərdiyi diqqət və qayğıya görə Prezidentimizə minnətdarlığımızı bildiririk.

Ümummilli liderimiz Heydər Əliyevin apardığı əsaslı quruculuq işlərinin davamı olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan energetikası öz potensialını daha da artıraraq, əhalini və iqtisadiyyatı keyfiyyətli elektrik enerjisi ilə tam təmin edir.

“Azərenerji” ASC-nin ötən ilin payızından “Azərbaycan İstilik Elektrik Stansiyası”nda, “Şimal”, “Cənub”, “Sumqayıt” və digər elektrik stansiyalarında başlatdığı yenidənqurma və təmir-bərpa işləri davam etdirilir. Enerjinin ötürülməsi və idarəedilməsi sistemində ciddi yenidənqurma işləri aparılır. Nəticə etibarilə işçilərin şəraiti yaxşılaşdırılır.

Sahə həmkarlar ittifaqının xidmətində olan müəssisələrdə işçilərin əməyinin təhlükəsizliyinə və mühafizəsinə xüsusi diqqət yetirilir. İşçilər əməyin təhlükəsizliyi üzrə mütəmadi olaraq təlimatlandırılır.

Müasir texnologiyaların tətbiqi elektrik enerjisinin istehsalına sərf olunan minlərlə ton şərti yanacağa (qaz, mazut) qənaət edilməsinə imkan verir. Bu da öz növbəsində ekoloji problemlərin həllinə, enerji sisteminin rentabelliyinə, işçilərin əməkhaqlarının artırılmasına və sosial problemlərinin həllinə şərait yaradır.

Bu gün bütün dünyanın diqqətini çəkən alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi istiqamətində də xeyli iş görülmüşdür.

Prezidentimiz cənab İlham Əliyev demişdir: “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə - müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”.

Bütün bunlar həm ekologiyanın, həm də enerji resurslarının  qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət kəsb edir.

Bizim həmkarlar ittifaqı öz fəaliyyətində kollektiv sazişlərin və müqavilələrin bağlanmasına xüsusi diqqət yetirməyə çalışır.

Kollektiv sazişlərdə və müqavilələrdəki sosial təminatlar həm sosial-iqtisadi, həm mənəvi, həm də siyasi məna daşıyır.

Geniş və dolğun sazişlər və müqavilələr bağlayanda, ən əsası, orada qəbul edilmiş öhdəliklər tam yerinə yetiriləndə biz, yəni sosial partnyorlar olan işəgötürənlər və həmkarlar ittifaqı, Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi kursunun həyata keçirilməsinə, kiçik də olsa, öz töhfəmizi vermiş oluruq.

Həmkarlar ittifaqı, əsas vəzifəsi olan üzvlərin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi ilə yanaşı, işçilərin mədəni-kütləvi və idman tədbirlərinə geniş cəlb edilməsi, onların asudə vaxtlarının, istirahətlərinin təşkili ilə də məşğul olur.

Sahə həmkarlar ittifaqının idman komandaları AHİTA-nın və “Zenit” İdman Cəmiyyətinin keçirdikləri spartakiadalarda fəal iştirak edirlər.

Həmkarlar ittifaqının fəaliyyətində humanitar iş xüsusi yer tutur. Həmkarlar ittifaqı komitələri şəhid ailələrinə, əlillərə, qaçqın və köçkünlərə, uşaq evlərinə, hərbi hissələrə dəfələrlə mənəvi və maddi dayaq olmuşlar.

Azərbaycan energetiklərini qarşıdan gələn peşə bayramı ilə əlaqədar təbrik edirik, onlara cansağlığı və uğurlar arzulayırıq.

 

Rafiq İLDAROV,

Elektroenergetika və Elektrotexnika

Sənayesi İşçiləri Həmkarlar İttifaqı

Respublika Komitəsinin sədri