Vəziyyət qənaətbəxş qiymətləndirildi


Baxıldı : 426

Tarix : 2019-06-18 06:32:50


Bu günlərdə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı (MHİ) Respublika Komitəsinin  növbəti V plenumu keçirilib.

Plenumu giriş nitqi ilə açan RK-nın sədri Fəzail Bağırov dəmir yolunda həyata keçirilən islahatlar, qarşıda duran perspektiv vəzifələr haqqında danışıb. Bildirib ki, son illər beynəlxalq və regional layihələrin reallaşması prosesində irihəcmli işlər görülüb, dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb. Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilib. Yeniləşmə prosesi davam edir. Bütün bu işlərdə MHİRK Cəmiyyət rəhbərliyi ilə əlbir fəaliyyət göstərir.

Natiq sonra MHİRK-in növbəti V plenumunun gündəliyində duran məsələni diqqətə çatdırdı: “Azərbaycan Dəmir Yolları” QSC-nin departament, MMC, idarə və müəssisələrində əməyin mühafizəsinin ümumi vəziyyəti haqqında”.

Məsələ ilə bağlı Komitənin baş texniki əmək müfəttişi Hüseyn Cəfərov məruzə edib. O bildirib ki, Cəmiyyətin idarə, müəssisə və təşkilatlarında işçilərin sağlamlığını qorumaq, təhlükəsizliyini təmin etmək və bu məqsədlə təhlükəsiz iş şəraiti yaratmaq, ağır və təhlükəli iş sahələrində çalışanları iş paltarları, iş ayaqqabıları, fərdi mühafizə vasitələri, saz iş alətləri ilə təmin etmək üçün əməyin mühafizəsinə cavabdeh olan rəhbər işçilərlə lazımi işlər aparılır. Əməyin mühafizəsi ilə əlaqədar normativ və hüquqi sənədlərin tələblərinə əməl etmələri onlara tövsiyə edilir.

Müstəqil HİRK-in iş planına əsasən, aparılan yoxlamanın nəticələri Rəyasət Heyətinin iclaslarında baxılaraq müvafiq qərarlar qəbul edilir. Məlumat üçün bildirmək istəyirəm ki, 2018-ci il və cari ilin beş ayı ərzində əməyin mühafizəsinə aid 17 məsələyə baxılıb. MHİRK sədrinin təşəbbüsü ilə may ayında Rəyasət Heyətinin Gəncə şəhərində keçirilən səyyar iclası İnfrastruktur Departamentinin Qərb istiqamətində olan yol sahələrində görülən işlərə həsr olunmuşdur.

Əlverişsiz əmək şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə də işlər görülüb.Yeni inzibati binalar tikilib, bir neçəsi əsaslı təmir edilib, binaların bir neçəsində mətbəxlərə su borusu, qaz xətləri çəkilib, mebel, soyuducu və digər avadanlıqlarla təchiz edilib. Kollektiv müqaviləyə əsasən, müəyyən işçilərə nahar yeməyi verilir, eyni zamanda səyyar xarakterli işçilər üçün yeməklər iş yerinə çatdırılır.

Yeni maşın-mexanizm, qurğu və avadanlıqların alınması və istismara verilməsi əl əməyinin yüngülləşdirilməsinə, təhlükəsizliyinə, əmək şəraitinin yaxşılaşdırılmasına səbəb olub. Yeni tikilib istifadəyə verilən Sumqayıt sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının 15 nəfər briqada üzvünun qısamüddətli istirahəti üçün hər cür şəraiti olan mətbəx, yataq otaqları, duş və sanuzel xidmətləri yaradılıb.

Biləcəri yük, Keşlə yük stansiyalarında, “Dəmiryolservis” MMC-nin Salyan 24 saylı Rels Qaynaqlama Qatarında, Biləcəri elektrik, Yevlax rabitə və işarəvermə, Gəncə yol sahələrində əməyin mühafizəsi kabinetləri, guşələr əyani plakatlarla, maketlərlə və digər vəsaitlərlə təmin olunub.

Görülən işlərin nəticəsi olaraq ötən ilin yekunlarına görə Biləcəri vaqon deposu, Gəncə yol sahəsi, “Yanacaq və sürtkü yağları departamenti “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qalibləri sırasına çıxa bilmişlər. Sahə Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə 4 müəssisə “İlin ən yaxşı müəssisəsi”, 12 nəfər “İlin ən yaxşı mütəxəssisi”, 6 nəfər isə “Firudin Ağayev” adına müsabiqələrin qalibi adına layiq görülüb.

Natiq MHİRK tərəfindən həmkarlar ittifaqı üzvlərinin maddi rifah halının yaxşılaşdırılması və sağlamlıqlarının qorunması istiqamətində görülən işlərdən də danışdı.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, SƏTƏM şöbəsinin rəisi Sadiq Şirinov, “Naxçıvan Dəmir Yolları” MMC BHİK-in sədri Eyvaz Əsgərov, Biləcəri lokomotiv deposu HİK-in sədri Məzahir Lətifov çıxış edərək öz fikir və mülahizələrini bildiriblər.

Müzakirələrdən sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin departament, MMC, idarə və müəssisələrində əməyin mühafizəsinin ümumi vəziyyəti qənaətbəxş hesab olundu.