VII Qlobal Bakı Forumu bu gün başa çatır


Baxıldı : 449

Tarix : 2019-03-15 16:55:59


Martın 14-də Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb.

Martın 16-dək davam edən VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edib. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazir, çoxsaylı analitik, jurnalist, gənc lider toplaşıb. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə edilib.

Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu mövzular arasında “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digərləri var. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və Qlobal Forumun iştirakçıları ilə görüşüb.

Yeddinci Qlobal Bakı Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açaraq Forumun əhəmiyyətini vurğulayıb. Dünyada sabitliyin olmadığı bir vaxtda planetimizi narahat edən mühüm məsələləri müzakirə etmək imkanı baxımından Bakı Forumunun çox vacib tədbir olduğunu deyib.

Forumda Azərbaycan Prezidenti İlham Əliyev nitq söyləyib. O, Nizami Mərkəzinin qlobal beynəlxalq instituta çevrilməsinə verdikləri əhəmiyyətli töhfəyə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - xanım Vike-Freyberqaya, cənab İ.Serageldinə və İdarə Heyətinin üzvlərinə təşəkkürünü bildirib. Prezident İlham Əliyev deyib ki, bu gün Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir. Əvvəlki forumların mövzuları qlobal məsələlərin bugünkü gündəliyini əks etdirir. Bu, xarici siyasətlə bağlı məsələlərlə məşğul olmaq üçün çox yaxşı seçimdir. Çünki son forumdan bəri, xüsusilə ölkələr arasında münasibətlərdə, dünyada təhlükəsizlik və proqnozlaşdırılabilmə ilə bağlı məsələlərdə çox şey dəyişib. Şadam ki, Forumun çoxsaylı iştirakçısı var. Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var. Əminəm ki, qarşıdakı günlərdə müzakirə olunacaq məsələlər beynəlxalq münasibətlərin gələcəyi, dünyanın gələcəyi ilə bağlı qərar verənlərin diqqətini cəlb edəcək.

Dövlət başçımız Azərbaycanın xarici siyasəti barədə danışıb. Deyib ki, xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Ona görə də Azərbaycan sonuncu Forumdan bəri xarici siyasət istiqamətləri ilə bağlı təşəbbüslərini davam etdirib. Düşünürəm ki, biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq.

Ölkə başçısı Ermənistanla Azərbaycan arasındakı münaqişədən də danışıb. Deyib ki, Ermənistan hökuməti danışıqların formatını dəyişmək üçün cəhdlər edib və biz hələ də bu cəhdləri görürük. Bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaydılar və faktiki olaraq Ermənistana açıq mesaj göndərdilər ki, onların danışıqlar formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir. Ondan bir neçə gün əvvəl Avropa İttifaqının yüksək rütbəli rəsmiləri eyni bəyanatla çıxış etdilər. Danışıqlar formatı uzun illər ərzində işlənib hazırlanıb və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir və bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə düşür.

İ.Əliyev Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınmasını tarixi köklərlə əlaqələndirdi. “Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyil gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq. Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik”, - dedi.

Respublika Prezidenti çıxışında Azərbaycanın artıq sahib olduğu güclü nəqliyyat əlaqələrindən də söz açdı. “2017-ci ildə biz Gürcüstandan keçməklə Azərbaycan və Türkiyə arasında dəmir yolu xəttinin açılışını etməklə, Avropa dəmir yolu ilə Asiya dəmir yolunu birləşdirdik. Ötən il dəniz limanının açılışı bu nəqliyyat şəbəkəsinin daha bir elementidir. Biz artıq Asiya ölkələrindən, Mərkəzi Asiyadan yüklər qəbul edirik. Biz bu yaxınlarda artıq Əfqanıstanın təbliğ etdiyi Lapis-Lazuli dəmir yolu və Şərq-Qərb dəhlizi ilə fiziki əlaqə əldə etdik.

Qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən daha bir sahə enerji sektorudur. Azərbaycan enerji təhlükəsizliyinə çox investisiya yatırır. Aparıcı enerji şirkətləri ilə bizim birgə layihələrimiz həm xalqımıza, ölkəmizə fayda verir, həm də Azərbaycanda, qonşu ölkələrdə on minlərlə iş yeri yaradır və onlar beynəlxalq tərəfdaşlığa gətirib çıxarır”. Çıxışının sonunda Prezident İlham Əliyev Foruma uğurlar arzulayıb.

Sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova Prezidenti İqor Dodon, Monteneqro Prezidenti Milo Cukanoviç, Bolqarıstanın Baş naziri Boyko Borisov çıxış ediblər.

Daha sonra İtaliya Prezidenti Sercio Mattarellanın Forum iştirakçılarına məktubunu İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari oxuyub. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin müraciətini Birləşmiş Krallığın ölkəmizdəki səfiri Karol Krofts çatdırıb. BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Eqqer BMT-nin baş katibi Antonio Quterreşin Foruma müraciətini oxuyub.

Forumda Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edıb.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mükafatının 2019-cu ilin təqdimat mərasimi keçirilib.

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə və Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennediyə Mərkəzin Qəyyumlar Şurasının qərarı ilə Nizami Gəncəvi Beynəlxalq mükafatları təqdim olunub.

Forum işini sessiyalarla davam etdirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova Prezidenti İqor Dodon, Monteneqro Prezidenti Milo Cukanoviçlə, Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov və Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçalla görüşüb.