Virusların yayılma səbəbləri


Baxıldı : 232

Tarix : 2018-03-09 23:39:28


Havaların qeyri-stabil keçməsi qrip, soyuqdəymə kimi müxtəlif xəstəliklərin yayılmasına səbəb olub. Adətən 3-5 günə sağalan bu xəstəlik 10-15 günə çəkir və artıq təhlükəli hal alıb. Ən narahatedici vəziyyət odur ki, bu virusa yoluxan insanlar arasında uşaqlar çoxluq təşkil edir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla dedi ki, qış aylarında havaların isti keçməsi yeni virus formalarının yaranmasına və aktivləşməsinə şərait yaradır: “Təbii ki, soyuq və qarlı hava hava-damcı yolu ilə yayılan infeksiyaların qarşısını alır. Bu gün əhali arasında qrip adlandırılan xəstəlik əslində qrip deyil. Bu, yuxarı tənəffüs yollarının infeksiyalarıdır. Yəni respirator xəstəliklər qrupuna aid adenovirus infeksiyasıdır. Vaxtında düzgün müdaxilə edilmədikdə və həkimə getmədikdə, virus aşağı və yuxarı tənəffüs yollarının zədələnməsinə, badamcıq və limfa düyünlərinin şişkinliyi və böyüməsinə səbəb olur, bronxit, angina, sinusit kimi təzahürlər verir, uzun müddət davam edən problemlər yarada bilir. Bu epidemiyalar hazırda bağça və məktəblərdə davam edir.

Əslində Azərbaycanın iqlim şəraiti elədir ki, qış ayları digər ölkələrə nisbətən sərt keçmir və bir çox hallarda qar yağmır. Havaların bu cür dəyişkən keçməsi isə virusların fəallaşmasına səbəb olur. Buna görə də əhali arasında soyuqdəymə xəstəlikləri də geniş yayılır.

Xəstəliklərin artmasının digər səbəbi isə qarın yağmaması, havanın gah isti, gah soyuq olduğu üçün insanların geyimlərini düzgün seçə bilməməsidir. Hər bir insan özünü yaşadığı iqlimə adaptasiya etməlidir”.

Bu cür viruslardan qorunmağın yollarından danışan A.Qeybulla bildirdi, yaxşı olar ki, bu aylarda insanlar maskaladan istifadə etsinlər. Çünki maska, az da olsa, virusların insan orqanizminə nüfuz etməsinə mane olur. Valideynlər isə yaxşı olar ki, payızın ilk aylarından başlayaraq uşaqlarının qida rasionuna immuniteti gücləndirən meyvə və tərəvəzlər əlavə etsinlər. Bundan başqa, həkim göstərişi ilə xəstələnməyə qarşı peyvənd vurulmalıdır. Bu yolla uşaqların xəstələnməsinin qarşısını almaq mümkündür.

Sonda professor onu da qeyd etdi ki, insanlar çox vaxt bu cür virusları ciddi qəbul etmirlər. Əslində xəstəxana şəraitində həkim nəzarətində müalicə olunarlarsa, sağalma halı da tezləşər. Ancaq, təəssüflər olsun ki, valideynlər ev şəraitində müalicəyə üstünlük verirlər. Bu da yuxarıda qeyd olunan fəsadlara gətirib çıxarır.

Aliyə SƏMƏDOVA