Voleybol yarışı keçirilib


Baxıldı : 30

Tarix : 2017-10-27 23:21:05


Oktyabrın 23-26-da  Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı və İdman-Sağlamlıq Klubunun birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında voleybol üzrə çempionat keçirilib.

Çempionatın ilk üç günü nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, yarımfinal və final mərhələsi isə Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub. Yarışda 160-a yaxın idmançının təmsil olunduğu 13 komanda qalib adı uğrunda mübarizə aparıb.

Bütün rəqiblərini məğlub edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası yarışın qızıl medalına layiq görülüb. İkinci yeri Dövlət Yanğından Mühafizə Xidmətinin, üçüncü yeri isə Dövlət Yanğın Nəzarəti Xidmətinin komandaları tutublar.

Mükafatlandırma mərasimində FHN İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Fizuli Musayev çıxış edərək yarışda fərqlənən komandalara növbəti oyunlarda uğurlar arzulayıblar.

Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim olunub.

Azər MUSTAFAYEV