Xırdaland...


Baxıldı : 255

Tarix : 2016-07-01 07:29:00


Xırdalanda yeni tikilmiş binadan 3 otaqlı mənzil almışam.Mənzilin dəyərini, kommunal xərcləri tam ödəmişəm. Haqqını ödəsəm də, binaya hələ qaz və su verilmir. Təmir işləri apardığıma görə mənzilə köçməmişəm. Buna baxmayaraq, Mənzil Tikinti Kooperativi (MTK) məndən hər ay üçün 40 manat kommunal xərci tələb edir.Bu tələb nə dərəcədə qanunauyğundur? MTK-dan şikayətçi olaramsa, hansı dövlət orqanına müraciət edə bilərəm?Xəzəngül MƏMMƏDOVA,Bakı şəhəri.- Mənzil Məcəlləsinin 139.1. maddəsində göstərilir ki, kommunal xitmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Odur ki, mənzil-tikinti kooperativləri ilə payçılar arasında kommunal xidmətlərin göstərilməsinə dair müqavilə bağlanır. Həmin müqavilələr müxtəlif MTK-lar tərəfindən tərtib olunur ki, bu müqavilələrin də şərtləri heç də eyni olmur. Hansı MTK ilə müqavilə bağlayıb, mənzil aldığınızı qeyd etmədiyiniz üçün Sizin kommunal xərclərlə əlaqədar olan sualınıza həmin MTK-nın öz müqaviləsi ilə yox, ümumi cavab veririk.MTK-larla payçılar arasında kommunal xidmətlərə görə haqqın ödənilməsinə dair bağlanmış müqavilələrə əsasən, MTK payçıya kommunal xidməti göstərir, payçı isə bunun müqabilində kommunal xidmətlərin haqqının vaxtlı-vaxtında ödənilməsini təmin edir.Çox vaxt MTK-lar yük və sərnişin liftlərinin fasiləsiz işləməsini, binanın soyuq və isti su ilə təmin edilməsini, həyətdə yaşıllıq və abadlıq işlərinin aparılmasını, məişət tullantılarının həyətdən vaxtında daşınmasını, girişlərin, mərtəbələrin, həyətin təmiz saxlanılmasını və sairəni öz öhdəsinə götürür. Bütün bunlarla yanaşı, xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə sakinlərdən mənzil haqqı kimi göstərdiyi bəzi kommunal xidmətlər üçün vəsait də alır. Bu vəsait hər kv. metr üçün əlavə dəyər vergisi ilə birlikdə müəyyənləşdirilir ki, bu da hər MTK üçün müxtəlif qiymətlərlə xarakterizə olunur. Kommunal xidmət sahəsinə əsasən, liftlərə servis xidməti və təmiri üçün çəkilən xərclər, məişət tullantılarının daşınması, su anbarının yuyularaq dezinfeksiya olunması, suyun vurulmasına görə sərf olunan elektrik enerjisinin dəyəri, girişlərin, mərtəbələrin işıqlandırılması, mühafizənin təşkili, idarəetmə və texniki işçilərin saxlanma xərci və zəruri hallarda təmiri və başqa xərclər daxil edilir ki, bunun üçün sərf olunan vəsait də binanın sakinlərindən alınır.Siz həmin binada yaşamasanız da, təmir işləri apardığınıza görə bəzi xidmətlərdən istifadə edirsiniz və MTK tərəfindən də bu xidmətlərə görə vəsait alınır. Müqavilələrin Sizdə olan nüsxəsini diqqətlə oxuyun, orada hər kv. metr üçün ƏDV ilə birlikdə ödəməli olduğunuz vəsait qeyd olunmalıdır.Nəzərinizə çatdırırıq ki, 139.2. maddəyə əsasən, yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativlərinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir.Mənzil aldığınız MTK-dan istər kommunal xidmətlərə görə haqqın ödənilməsi, istərsə də hər hansı bir məsələ üzrə şikayətiniz olarsa, məhkəməyə müraciət edə bilərsiniz.İşləmirəm, qızımın 2 yaşı var. Yoldaşım rəhmətə getdiyinə görə uşaq pulunu almamışam. Bilmək istəyirəm, mən o pulu indi ala bilərəm, ya yox? Bu pulun alınması üçün hansı sənədləri təqdim etməliyəm?Şəbnəm MUSAYEVA,Bakı şəhəri.- 7 fevral 2006-cı il tarixində \ Sosial müavinətlər haqqında\ qanun qəbul edilib. Həmin qanunda sosial müavinətlərin növləri sadalanmışdır. Qanunun 9-cu maddəsi müavinətlərin təyin edilməsi müddətinə həsr edilib. İşsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla, qalan aylıq müavinətlər ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilir. Amma uşağın anadan olmasına görə birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir və ödənilir. Ona görə də Siz həmin birdəfəlik müavinətin alınması üçün yaşayış yeri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzinə elektron qaydada və poçt vasitəsilə ərizə ilə müraciət edə bilərsiniz. Uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 2013-cü il sentyabr ayının 1-dən 01.02.2016-cı ilə qədər 90 manat təşkil edirdi. 01.02.2016-cı ildən sonra doğulan uşaqlar üçün bu müavinətin məbləği 99 manatdır.Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş \ Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları\ na 7 nömrəli əlavədə müavinətin alınması üçün müracət edəndə təqdim edilməli sənədlərin siyahısı müəyyənləşdirilmişdir. Həmin əlavəyə əsasən, Siz uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi üçün aşağıda göstərilən sənədləri təqdim etməlisiniz:Sizin şəxsiyyət vəsiqənizin surəti, doğum haqqında şəhadətnamənizin surəti, ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;Sizin işləyib-işləməməyiniz barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı və ya məşğulluq orqanlarının məlumatı;ərizəni nümayəndə vasitəsilə təqdim edəcəksinizsə etibarnamə və nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;uşağın doğum haqqında şəhadətnaməsinin surəti;uşağın doğumu haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;uşağın valideynlərinin məcburi dövlət sosial sığorta ödəyicisi olmaması barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinin arayışı.Tez-tez əmək qabiliyyəti olmayan şəxslər ifadəsinə rast gəlirik. Bilmək istəyirəm, əmək qabiliyyəti olmayan şəxslər dedikdə kimlər nəzərdə tutulur?Aida İSMİXANOVA,Daşkəsən rayonu.- Bəli, bu ifadə mətbuatda tez-tez işlədilir. Əmək qabiliyyəti olmayan şəxslərin əhatə dairəsi \ Sosial müavinətlər haqqında\ Azərbaycan Respublikası Qanununda əksini tapıb. Qanunda əmək qabiliyyəti olmayan şəxslər sırasına əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar aid edilib.Atam polis zabiti idi. Əməkhaqqının 100 faizi məbləğində pensiya alırdı. 2 aydır ki, rəhmətə gedib. Ona görə dəfn pulu nə dədər olmalıdır? Mən uşaqlıqdan 2-ci qrup əliləm, müavinət alıram. Bilmək istəyirəm, atamın pensiyasını ala bilərəmmi?Sabit ƏSƏDOV,Şirvan şəhəri.- \ Əmək pensiyaları haqqında\ qanunun 42.2. maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir, bu gün üçün həmin müavinətin məbləği 330 manatdır. Bu müavinət alınması üçün Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə müraciət edilməlidir.2-ci sualınızla bağlı bildirmək istəyirik ki, yuxarıda qeyd edilən qanunun 14-cü maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.Siz bu barədə arayış təqdim etməklə \ Əmək pensiyaları haqqında\ qanuna uyğun olaraq ailə başçısını itirməyə görə pensiya ala bilərsiniz.İşçi ezamiyyə müddətində əmək qabiliyyətini itirən zaman ona xərclər və müavinət ödənilirmi?Sevda ƏMİROVA,Gəncə şəhəri.- Bəli, \ İşçilərin Ezamiyyə Qaydaları\ nın 10-cu bəndinə əsasən, ezam olunmuş işçi ezamiyyə müddətində əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, ona səhhətinə görə həvalə olunmuş xidməti tapşırığı yerinə yetirmək və yaxud daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı dövr üçün (altı aydan artıq olmamaq şərtilə) ezamiyyə xərclərinin 1 günlük normasına uyğun xərclər ödənilir.Amma Qaydalara görə, ezam olunmuş işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, həmçinin də səhhətinə görə daimi yaşayış yerinə qayıtmaq imkanı olmaması səhiyyə xidmətləri tərəfindən müəyyən olunmuş qaydada mütləq təsdiq edilməlidir.Ezam olunan işçiyə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün ümumi əsaslarla müavinət verilir və əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər ezamiyyətin müddətinə daxil edilmir.