Xalqımızın unudulmaz sənətkarı


Baxıldı : 303

Tarix : 2016-04-15 04:01:00


Sənət üçün yarananlar var, bir də sonradan sənəti sevib seçənlər. Respublikanın Xalq artisti, bütün Şərq dünyasının böyük sənətkarı Nəsibə Zeynalova sənət üçün yaranmışdı. O, həyata Allahdan gələn istedadı ilə, bacarığı ilə birgə daxil olmuşdu. Allah ona o qədər enerji, o qədər yaşayıb-yaratmaq həvəsi vermişdi ki, sanki bu alov heç vaxt tükənməyəcəkdi. Çox nadir xüsusiyyətə malik olan fitri istedadı onu xalqımızın sevimlisinə çevirmişdi. O hələ sağlığında ikən yaradıcılığının zirvəsində idi.Aprelin 20-si unudulmaz sənətkar Nəsibə Zeynalovanın 100 yaşı tamam olur. Nəsibə Zeynalova teatr sənətinə dünya şöhrəti qazandıran sənətkarlardan idi. Teatr sənətinin korifeyi, sevimli aktrisa haqqında çox sözlər deyilib, kitablar yazılıb. Milli teatr səhnəsində, televiziya tamaşalarında, kinofilmlərdə maraqlı obrazları ilə tamaşaçıların sevgisini qazanmış Nəsibə xanım hələ də ürəklərdə yaşayır. Teatr sənətinin banisi Cahangir Zeynalovun yeganə yadigarı olan Nəsibə Zeynalova atasının yolunu davam etdirərək öz çoxşaxəli yaradıcılığı ilə müasir mədəniyyətimizin komediya janrına zənginlik gətirmişdir.Nəsibə xanimin ömür yollarında həmkarlar ittifaqları da müəyyən bir iz qoymuşdur. Qayınana obrazının adını daşıyan \ Cənnət\ Xalq Teatrına Nəsibə Zeynalovanın adının verilməsi təklifi ilə Xətai adına Mədəniyyət Sarayının 2000-ci ildə AHİK-ə müraciəti o vaxt cavabsız qalmadı. AHİK İcraiyyə Komitəsinin qərarı ilə \ Cənnət\ Xalq Teatrına Nəsibə Zeynalovanın adı təntənə ilə təqdim edildi. Teatrı həyatı qədər sevən, bütün gücünü, istedadını sənətə həsr edən, özünü səhnəsiz təsəvvür edə bilməyən qocaman aktrisa ömrünün son on ilini onun adını daşıyan \ Cənnət\ teatrına həsr etmişdi.Nəsibə Zeynalova ilə keçən günlər artıq xoş xatirələrə çevrilmişdir. Nəsibə xanımla hər bir görüş unudulmaz idi. Onun heç bir hərəkəti, şux zarafatları yaddan çıxan deyil. Bu böyük sənətkarın təkcə səhnəyə çıxması kifayət idi ki, bütün tamaşa zalı alqışlardan titrəyər, hamının sifətinə təbəssüm qonardı.Yaratdığı obrazlarla hamının ürəyinə yol tapan bu böyük insan həyatı çox sevirdi və sanki nə vaxtsa səhnəyə qayıdacağına inanırdı. Elə bu inam da onu \ Cənnət\ Teatrına möhkəm bağlamışdı. Xalq teatrının məşqlərində görkəmli aktrisanın iştirak etməsi, sənət, teatr haqqında etdiyi maraqlı söhbətlər gənc aktyorları daha da ruhlandırırdı. Hətta onun iştirakı ilə \ Qayınana\ nın bir növ davamı olan \ Qayınanalar qayınanası\ tamaşası da səhnəyə qoyulmuşdu. Baş rolu artıq gəlininin gəlinlərinə qayınanaliq edən Cənnəti Nəsibə Zeynalovanın ifa etməsi, Nəsibə xanımla keçirilən məşqlər, onunla tərəf müqabili olmaq gənc aktyorlar üçün sənət məktəbi, böyük bir bayram idi.O, həm də çox maraqlı həmsöhbət idi. Onunla bir dəfə ünsiyyətdə olanlar daim onun əhatəsində olmağa çalışır, aktrisanın duzlu-məzəli söhbətlərini dinləmək istəyirdi. Daxilindəki sənət eşqi o qədər aşıb-daşırdı ki, ətrafdakılar sanki onun sehrinə düşürdülər. Möhtərəm aktrisa ilə üz-üzə, göz-gözə əyləşib onun söhbətlərinə, zarafatlarına qulaq asmaqdan doymaq olmurdu. O anlar aylara, illərə bərabər idi.Biz onun ruhu qarşısında baş əyib deyirik: yüz yaşın mübarək, Nəsibə xanım! Tanrıdan arzu edirik ki, xalqımızın, millətimizin sənətkarına olan sevgisi heç vaxt əskik olmasın.Xoşqədəm BAĞIROVA,AHİK-in mütəxəssisi