Xaricdən mal sifarişçilərinin işi bir qədər də çətinləşdi - Bəyannamə belə veriləcək


Baxıldı : 93

Tarix : 2020-09-25 18:52:47


“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda edilmiş dəyişikliyə əsasən, hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə biləcək.

Sifarişin məbləği və miqdarı qanunvericilikdə nəzərdə tutulan limiti keçdiyi zaman müvafiq gömrük ödənişləri əvvəlcədən elektron qaydada həyata keçirilərsə, bu halda gömrük orqanına gəlməyə ehtiyac yoxdur. Belə ki, sifariş edilən bağlama maneəsiz olaraq birbaşa qeyd olunan ünvana çatdırılacaq.

Dövlət Gömrük Komitəsi (DGK) gömrük bəyannaməsini mobil telefonlar vasitəsilə təqdim edə bilmək üçün yeni tətbiqini ictimaiyyətə açıqladı.

Yeni layihə “elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, gömrük statistikasının düzgün qurulmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə” şərait yaradacaq deyən komitənin Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsinin rəisi Rauf Quliyev bildirib ki, gömrük xidməti mütəxəssislərinin hazırladığı layihə mobil və veb formatda fəaliyyət göstərəcək. Bu yenilikdən faydalanmaq üçün şəxslərin mobil telefon və ya kompüterə yüklədiyi “Smart customs” tətbiqi vasitəsilə asan loginlə qeydiyyatdan keçərək şəxsi kabinet yaratması kifayətdir.

Bütün prosesləri internetə çıxışı olan istənilən məkanda kompüter və ya mobil telefon üzərindən həyata keçirmək mümkündür.

Qeydiyyat zamanı ilk başlanğıcda qeyd edilən istifadəçi adı ilə (şəxsiyyət vəsiqənizdəki FİN kod və mobil telefonu vasitəsi) qeydiyyatdan keçmək mümkündür.

Ə.Əhmədova