Xaricə gedənlərin sayında azalma var


Baxıldı : 96

Tarix : 2017-06-21 22:00:42


Yay fəslinin ilk günləri başlayan kimi hər bir ailə harada, necə istirahət etmək və  əlbəttə, büdcəni necə planlaşdırmaq haqqında düşünür. Apardığımız araşdırma nəticəsində məlum oldu ki, əvvəlki illərlə müqayisədə əhalinin istirahət yerlərinin seçimi  bir qədər dəyişib.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov qəzetimizə verdiyi müsahibədə bildirdi ki, bölgələrimizdə xidmət səviyyəsi getdikcə yüksəldiyi üçün əhalinin böyük hissəsi əsasən daxildə istirahət etməyə üstünlük verir.  AzTA rəsmisi qeyd etdi ki, bu gün Avropa və Şərq ölkələrində ictimai siyasi vəziyyət sabit deyil. Baş verən terror hadisələri, siyasi gərginliklər turistləri oradan uzaqlaşdırır.  Azərbaycanda daxili turizmin ümumi çəkisi bir qədər artıb və insanlar daxili turizm məkanlarına getməyə daha çox üstünlük verməyə başlayıblar.

Turizm üzrə ekspert Ruslan Quliyev deyir ki, ötən illərlə müqayisədə xaricə gedən vətəndaşların sayında 25 faizə qədər azalma müşahidə olunub. Yay aylarında ölkəyə gələn turistlərin sayının çoxluğu səbəbindən artıq bölgələrdə də sıxlıq yaşanır:"Həm bayram günlərində, həm də həftə sonlarında şahidik ki, Azərbaycan vətəndaşlarının ölkədaxili səyahətləri çoxdur. Statistika da göstərir ki, ölkə əhalisinin 36 faizi yerli turizmlə bağlı yerdəyişmə edib. Xərcləmələr isə təxminən 2 milyard manata yaxındır".

İstirahət etmək üçün regionlara üz tutan ölkə vətəndaşları, eləcə də turistlər üçün bonus təklif olunur və həvəsləndirici aksiyalar keçirilir. Ekspert deyir ki, bölgələrdə insanların istirahəti üçün yaradılan bəzi xidmətlər xarici ölkələrlə müqayisədə Azərbaycanda daha cəlbedicidir: "1 nəfərin istirahəti üçün tələb olunan rüsum 30 manatdan başlayır. Söhbət dördulduzlu mehmanxanada, səhər yeməyi bazasında ikinəfərlik otaqda 1 nəfərin gecələməsi üçün müəyyənləşən qiymətdən gedir. Bu cür qiymətlər Quba-Xaçmaz regionunda, Lənkəranda müşahidə olunur. Bir nəfər üçün həftəlik qiymət 210-250 manat arasında dəyişir".

Xarici ölkələrə gəldikdə isə ekspertlər deyir ki, azərbaycanlı turistlərin ən çox üz tutduğu Türkiyəyə bu il tələb azalıb. Qiymətlərə gəlincə, Antalya, Bodrum və Marmarisdə qiymətlər bir nəfər üçün yeddi gecə qalmaq şərtilə üçulduzlu oteldə 725 dollar, dördulduzlu oteldə 840 dollar, beşulduzlu oteldə 950 ABŞ dollardır. İstanbulda 7 gecə qalmaq üçulduzlu oteldə 544 dollar, dördulduzlu oteldə 607 dollar, beşulduzlu oteldə isə 714 dollardır.

Yeri gəlmişkən ötən illərlə müqayisədə bu il Avropa ölkələrinə turist qismində getmək istəyənləri sayı artıb. Ekspert Elxan Vəliyev belə deyir: "Artıq Avropa ölkələrinə, ərəb ölkələrinə, hətta Asiya ölkələrinə üz tutan turistlərin sayı artıb. Bilirsiniz ki, son 5-6 ildə əksəriyyət istirahət üçün Türkiyəyə gedirdi. Amma indi fərqlilik olsun deyə Avropaya üz tuturlar. Əsasən də Macarıstan, İtaliya və İspaniyaya gedən azərbaycanlı turistlər çoxdur".

Qeyd edək ki, ötən il Azərbaycan vətəndaşlarının 36,5 faizi daxili turizm səfərlərindən istifadə edib. Ümumilikdə ölkə üzrə 19,48 milyon turizm məqsədli səfərlər olub. Bu səfərlərin 72,5 faizi şəhər əhalisinin, qalan hissəsi isə kənd əhalisinin payına düşür.

Günel QULİYEVA