Xarici dildə tədris verən məktəblərin fəaliyyəti necə qurulmalıdır


Baxıldı : 308

Tarix : 2020-09-18 19:11:27


Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir. Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur”.

 

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri

 

Bəs biz Ümummilli Liderin bu tövsiyəsini layiqincə yerinə yetirə bilirikmi? Nə üçün valideynlər övladlarının xarici dillərdə təhsil almasına daha çox meyil göstərirlər? Son günlər rusdilli məktəblərin bağlanması və ya özəlləşdirilməsi ilə bağlı verilən təkliflərə səbəb nədir?

Mövzuya münasibət  bildirən akademik Nizami Cəfərov ölkədə əsas tədrisi ana dilində verən məktəblərdən başqa digər xaricidilli məktəbləri mümkün qədər özəlləşdirmək, daha doğrusu, dövlət  hesabına deyil, dünya təcrübəsinə əsaslanaraq digər metodlarla maliyyələşdirməliyik dedi:  “Dövlət tərəfindən ancaq anadilli məktəblərə maliyyə vəsaiti ayrılmalıdır. Ölkəmiz postsovet məkanında yerləşdiyi üçün burada rusdilli azərbaycanlıların sayı çoxdur. Bu faktdır ki, onlar öz dilimizdə zəif bilsələr də, cəmiyyətimizə, dövlətçiliyimizə kifayət qədər böyük xidmət ediblər. Düşünürəm ki, ənənə indi də davam etməlidir. Birbaşa buna qarşı çıxmaq olmaz. Çünki, ilk növbədə,  nəzərə almalıyıq ki, Rusiyada nə qədər əhalimiz yaşayır. Onların övladlarının buraya gəlməsi və ya burdan getməsində rusdilli məktəblər böyük rol oynayır.  Sovetlər ittifaqı dağılandan sonra bir emosiya əmələ gəldi ki, biz müstəqilik, öz dilimiz var, artıq Rusiyadan ayrılmalıyıq. Amma bu elə asanlıqla həll olunan deyil. Təsəvvür edin, ingilis dilinə nə qədər maraq və ehtiyac olsa da, hələ müxtəlif elm, mədəniyyət sahələrində  ingilisdilli gənclərin sayı yox dərəcəsindədir. Çünki bir mədəni sistem məkanından digərinə keçmək asanlıqla mümkün olmur.

Millət vəkili Fazil Mustafa rusdilli məktəblərə meyillilik moda ilə bağlıdır dedi: “Gəzməkdə, yeməkdə, geyməkdə, istirahət etməkdə necədirsə burda da elədir. Çoxluq hara gedirsə, insanlar orda kəramət var deyə düşünüb həmin çoxluğu izləyirlər. Problem buradan başlayır. Yəni bir çoxları bu dildə təhsil almağı gələcək perspektiv üçün deyil, günün modası xətrinə edirlər. Çünki dünyada daha çox perspektiv vəd edən ingilisdilli təhsildir. Təbii ki, ingilis dilinə də maraq var, amma rus dili kimi deyil.

Fazil Mustafa həmçinin ölkədə türk məktəblərinin bağlanmasının strateji səhv olduğunu bildirdi. Bu məktəblər bağlanandan sonra burada təhsil almalı olan şagirdlər rusdilli məktəblərə yönəldi. Düşünürəm ki, təhsil siyasəti düzgün aparılmalıdır. Ümumiyyətlə,  Azərbaycan məktəblərinin müəyyən dərəcədə səviyyəsini qaldırmaq, bu məktəblərə inamı artırmaq lazımdır. Anadilli məktəblərdə həm ingilis, həm rus dili mükəmməl dərəcədə tədris olunmalıdır. Bu perspektiv yetərincə olmadığı üçün beynəlxalq dillərə maraq göstərən ailələrdə anadilli məktəblərə inam azalır.

F.Mustafa əlavə etdi ki, xarici dillərə meyilin nəticələrindən  o qədər də qorxmaq  lazım deyil. Əsas şagirdlərdə sağlam milli düşüncə yaratmaqdır. Hansı dildə təhsil alır alsın, savadlı insanların sayı artmalıdır.

Millət vəkili Vahid Əhmədov mövzuya münasibət bildirərək  insanların çox dil bilməsinin müsbət hal olduğunu vurğulamaqla yanaşı, rusdilli məktəblərin ölkədə çoxalmasının da tərəfdarı olmadığını nəzərə çatdırıb: “Bizdə əsas olan dövlət dilidir. Ola bilsin rus dilinə, ingilis dilinə də maraq olsun. Ancaq dövlət səviyyəsində burada ehtiyatlı olmaq lazımdır. Təklif edirəm ki, rus dilində olan məktəblər də digər məktəblər kimi özəl olsun. İngilis dilində olan məktəblər bizdə dövlətin himayəsində deyil ki! Xarici dilli məktəblər barədə planlar Təhsil Nazirliyi tərəfindən hazırlanaraq hökumətə təqdim edilməli, o, tədricən həyata keçirilməlidir”.

 

Əsli ƏHMƏDOVA