Xarici iş adamları islahatları alqışlayır


Baxıldı : 234

Tarix : 2015-10-23 02:30:00


Azərbaycan-Amerika Ticarət Palatası (\ AmCham\ ) Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsinə dair tədbirlərin davam etdirilməsini müsbət qiymətləndirib. Palatadan bildirilib ki, azad biznesə dəstək xarakterli bu qərarlar sahibkarlığın inkişafına öz müsbət töhfəsini verəcək. Bu islahatlar biznes sahəsində fəaliyyətin asanlaşmasına öz təsirini göstərəcək, xarici sərmayədarların Azərbaycanda kiçik və orta sahibkarlığa marağını artıracaq. AmCham Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində bir sıra layihələrin icrasına maliyyə dəstəyi göstərəcəyini də bəyan edib. Qurum sahibkarlıq sektoruna daha sərfəli şərtlərlə maliyyə vəsaitləri ayıran kredit təşkilatlarının fəaliyyətinin stimullaşdırılması, maliyyələşmənin mənbələrinin genişləndirilməsi, xarici şirkətlərin bu proseslərdə rolunun artırılması, kredit şərtlərinin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı təkliflər hazırlayacaq.Yaxın 5 ildə ölkəmizdə korporativ idarəetmənin genişləndirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi kimi sahələrə maliyyə dəstəyi göstərəcək. Palata xarici şirkət və kompaniyaların Azərbaycanın real sektorunun kreditləşməsinə təşviq etmək məqsədilə müxtəlif iqtisadi qurumlar və sahibkarların ictimai təşkilatları ilə əməkdaşlığı artırmaq niyyətindədir. Birgə əməkdaşlıq çərçivəsində müştərilərlə maliyyə institutları arasında dialoqun yaradılması, ölkədə mikro, kiçik və korporativ sektorlarda kreditləşməyə marağın artması xüsusi diqqət mərkəzində olacaq. Həmçinin qarşıdakı illərdə ölkəmizin qeyri-neft sektoruna xarici investisiyaların miqyasını daha da genişləndirmək məqsədilə sərmayəçilər üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlanacaq.ELBRUS