Xəbərdarlıq kartı və mükafat


Baxıldı : 125

Tarix : 2020-02-07 14:56:02


“Azəriqaz”da SOCAR-ın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin və birlik rəhbərliyinin iştirakı ilə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi sahəsində 2019-cu ilin yekunlarına həsr edilmiş müşavirə keçirilib. Birliyin baş direktoru Ruslan Əliyev bildirib ki, 2019-cu il ərzində yeni işə qəbul edilən, iş yerini dəyişən və təcrübəyə göndərilən 442 nəfərə müvafiq təlimatlar verilib. 930 işçinin (402 ilkin, 528 təkrar olmaqla) təhlükəsizlik texnikası sahəsində biliyi yoxlanılıb. Əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiya birliyin 16 tabeli təşkilatında yoxlama keçirib. Qaydaları və icra intizamını pozan ayrı-ayrı struktur bölmələrdə işləyən 28 əməkdaşa xəbərdarlıq kartları təqdim olunub. Eyni zamanda, yüksək peşəkarlıq və nümunəvi davranışlarına görə 5 nəfər işçiyə mükafat verilib. Birlik üzrə il ərzində 658 işçinin dövri tibbi müayinədən keçmələrinə şərait yaradılıb.

Qeyd edilib ki, birlikdə yaşıllaşdırma işlərinə xüsusi diqqət yetirilib və 2019-cu il ərzində 8210 ədəd müxtəlif növ ağac tingləri, dekorativ kollar və güllər əkilib. Tətbiq olunan İSO 9001, İSO 14001, OHSAS 18001, İSO 50001 və İSO 10002 üzrə beynəlxalq standartların təkmilləşdirilməsi və yoxlanılması məqsədilə daxili audit, Türk standartlaşdırma institutunun mütəxəssisləri tərəfindən isə xarici audit keçirilib.

Baş direktor əlavə edib ki, əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində həyata keçirilmiş tədbirlər və maarifləndirmə işləri nəticəsində son illərdə istehsalatla birbaşa bağlı ölümlə nəticələnən bədbəxt hadisə baş verməyib.

Daha sonra SOCAR-ın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin rəisi Yaşar Əhmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov və başqaları mövzu ətrafında çıxışlar ediblər.