“Xəmsə" bilik yarışması


Baxıldı : 41

Tarix : 2017-09-23 01:22:40


SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin təşkilatçılığı ilə bir sıra müəssisə, idarə və təşkilatların komandaları arasında 20 Sentyabr - Neftçilərin Peşə Bayramı Gününə həsr olunmuş "Xəmsə" bilik yarışması keçirilib.

"Azərikimya" İB-nin də təmsil olunduğu yarışlara Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Universitetinin, MDU-nun Bakı filialının, Bakı Mühəndislər Universitetinin, Bakı Neft Emalı Zavodunun, Neft Kəmərləri İdarəsinin, YAP Sumqayıt şəhər təşkilatının, Sumqayıt Dövlət Texniki Kollecinin, SOCAR-ın Təlim, Tədris və Sertifkatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin, Karbamid zavodunun, FHN-in Sumqayıt Regional Mərkəzinin, Təhsil şöbəsinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt Şəhər Təşkilatının, "N" saylı hərbi hissənin, "ASAN xidmət"in, Gənc Mühəndislər Cəmiyyətinin və digər müəssisələrin komandaları da daxil olmaqla 22 komanda qatılıb.

Üç seçim və bir final mərhələsindən ibarət olmaqla dörd saata qədər davam edən bilik yarışmasında Gənc Mühəndislər Cəmiyyətinin komandası birinci, Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və "Azərikimya" İB-nin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutub. FHN Sumqayıt Regional Mərkəzinin komandası həvəsləndirici mükafata (IV yer) layiq görülüb.

Qalib komandalara “Azərikimya" İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunub. Həmçinin Bakı Ali Neft Məktəbinin komandası bilik yarışmasında fəal iştirak etdiyinə və 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılıb.

Bəyalı RZAYEV