Xəsarət hallarına yol verilməməlidir


Baxıldı : 61

Tarix : 2017-09-29 23:55:20


"Əməyin mühafizəsi əmək intizamının mühüm tərkib hissəsidir. Ona laqeyd münasibət həm istehsalı ləngidir, həm də xəsarət almış və ya həyatını itirmiş işçinin özünə, ailəsinə bədbəxtlik gətirir. Ona görə də ən azı işəgötürən istehsalın ahəngdar fəaliyyətini, işçi öz sağlamlığını, ailəsinin büdcəsini nəzərə alaraq əməyin mühafizəsi qaydalarının tətbiqinə, icrasına ciddi yanaşmalıdır".

Bu sözlər 7 Oktyabr - Layiqli Əmək Günü ərəfəsində Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı (SÖEYSİ Hİ)  Respublika Komitəsinin təşkilatçılığı ilə Bakıdakı "Sədərək" firmasında "Əməkhaqqı-layiqli səviyyə" mövzusunda keçirdiyi seminarda səslənmişdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mütəxəssisləri Nadir Muradov, Arif İbrahimov, SÖEYSİ Hİ Respublika Komitəsinin əməyin baş texniki müfəttişi Əliş İbrahimov çıxış edərək əlamətdar günün mahiyyəti və işçilərin sağlamlığı, iqtisadiyyatın tərəqqisi baxımından əhəmiyyətindən danışdılar.

Bu sahədə AHİK-in fəaliyyəti diqqətə çatdırıldı. Deyildi ki, Konfederasiyanın IV qurultayında layiqli əməyin konsepsual əsasları bəyənilmişdir. AHİK-in İcraiyyə Komitəsi 2013-cü ildə 2014-2018-ci illər üçün əməyin mühafizəsinin fəaliyyət istiqamətləri barədə tədbirlər planını təsdiq etmişdir.

Bu tədbirlər arasında aşağıdakılar xüsusi qeyd edilmişdir:

- əməyin və ətraf mühitin yaxşılaşdırılması;

- əməyin və ətraf mühitin mühafizəsi;

- həmkarlar ittifaqlarının ictimai nəzarəti gücləndirilməsi;

- əməyin mühafizəsi, ətraf mühitin və ekoloji təhlükəsizliyin təmin olunması sahəsində normativ-hüquqi aktların hazırlanmasında iştirak etmək;

- əməyin mühafizəsi təbliğinin gücləndirilməsi.

Natiqlər bildirdilər ki, AHİK əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak edir. Onun təşəbbüsü ilə bir çox mövcud qanunvericilik aktına əlavə və dəyişikliklər olunub. Texniki təhlükəsizlik haqqında, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta haqqında qanunlar qəbul olunub.

AHİK və onun üzv təşkilatları elə iş yerləri yaratmaq uğrunda mübarizə aparır ki, orada zərərli istehsalat faktorları olmasın, xəsarət hallarına, peşə xəstəliklərinə yol verilməsin.

Çıxışlardan sonra natiqlər dinləyicilərin suallarını cavablandırdılar.

Tədbirdə sahə Hİ Respublika Komitəsinin və "Sədərək" firmasının məsul işçiləri də iştirak etdi.

Bəyalı RZAYEV