Xeyriyyə aksiyasına yekun vuruldu


Baxıldı : 169

Tarix : 2020-01-10 15:10:38


SOCAR “Azərikimya” İstehsalat Birliyinin Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsi ilə birgə “Mərhəmətli olmağa tələsin!” devizi altında keçirdiyi növbəti xeyriyyə aksiyasına yekun vurulub.

İctimai Birliyin akt zalında keçirilən tədbirdə çıxış edən “Azərikimya” İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov deyib ki, 10 ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın əsas məqsədi aztəminatlı ailələrin, həmçinin sağlamlıq və maddi imkanları məhdud olan uşaqların isti qış geyimləri ilə təmin edilməsidir. Ötən dövr ərzində bu aksiya nəticəsində minlərlə uşağa yardım olunub.

Tədbirdə bir ay davam edən aksiya nəticəsində əldə olunan paltarlar, əlil arabaları və gündəlik tələbat vasitələri nəzərdə tutulmuş insanlara paylanılıb. Ümumilikdə aksiyadan 200 nəfərə yaxın insan bəhrələnib.

Xeyriyyə aksiyasında “Azərikimya” İstehsalat Birliyi, Etilen-Polietilen Zavodu, “Qartal” Tikinti Firması, “SOCAR-Polymer” MMC, “SOCAR Karbamid” Zavodu, “Paşa Həyat Sığorta”, “Paşa Sığorta”, Səhiyyə şöbəsi, “Unikal” və “Qəlb” özəl klinikaları, “Müasir Stomatologiya Mərkəzi” fəal iştirak ediblər.