Xeyriyyəçilik aksiyaları


Baxıldı : 38

Tarix : 2020-10-17 14:52:49



Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətinə daxil olan şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələri işğal olunmuş ərazilərin azad edilməsi uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə tədbirlər həyata keçirir. Belə ki, sentyabrın 27-dən başlayaraq ərzaq, geyim, gündəlik tələbat malları, eləcə də zəruri tibbi ləvazimat alınaraq ön cəbhədə döyüşən əsgər və zabitlərimizə göndərilmişdir. Həmçinin həmkarlar ittifaqı komitəsi sədrləri hospitallarda müalicə olunan yaralı hərbçilərimizlə görüşərək onlara mənəvi dayaq olmuş, vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin ailələrini ziyarət etmiş, problemləri ilə maraqlanmışlar.  Bu günlərdə TİAHİ Xətai Rayon Komitəsi tərəfindən də zəruri tibbi avadanlıq alınaraq Müdafiə Nazirliyinə təhvil verilmişdir. Təşkilat sədri Maisə Hacıyevanın bildirdiyinə görə, Rayon Komitəsi COVID -19 pandemiyası ilə əlaqədar da xeyriyyəçilik aksiyaları keçirmişdir. Belə ki, 540 aztəminatlı ittifaq üzvünə 9165 manatlıq ərzaq bağlaması, 38 təşkilata 5277 manatlıq tibbi ləvazimat (spirt, əlcək, maska) paylanmışdır. 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar isə 110 nəfər qabaqcıl müəllimə gənc nəslin təlim-tərbiyəsində  əldə etdikləri nailiyyətlərə və şagirdlərinin qəbul imtahanlarında yüksək nəticə göstərdiklərinə görə Fəxri  Fərman və 4131 manatlıq hədiyyə vermişdir.