Xeyriyyəçilik missiyası xüsusi yer tutur


Baxıldı : 164

Tarix : 2017-12-08 19:32:07


Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzv təşkilatlarının fəaliyyətində xeyriyyəçilik missiyası xüsusi yer tutur. İmkansız ittifaq üzvlərinə maddi yardımlar edilir, yeni dərs ili ərəfəsində onların birinci sinfə gedən övladlarına içinə məktəb ləvazimatları alınıb qoyulmuş çantalar bağışlanır, əla qiymətlə oxuyan oğul və qızlarına ildə bir neçə dəfə nağd pul verilir.

 Təşkilatın xeyirxahlıq əməlləri təkcə ittifaq üzvlərinə qayğı ilə bitmir. Hər bayramda Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə təşkilatın nümayəndələri hərbi hissələrə gedir. Əsgərlərə bayram sovqatı paylayır, arzularını öyrənirlər. Dövlətimizin himayəyə götürdüyü kimsəsiz yaşlı insanlar, uşaqlar, əlillər də unudulmur. Elə bu yaxınlarda - dekabrın 2-də Respublika Komitəsinin bir qrup məsul işçisi Ramanada Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiyası Mərkəzində və Şağan qəsəbəsindəki Müharibə Əlilləri üçün Müalicə Pansionatında olub. Hər iki ünvanda ilk növbədə sakinlərin yaşayış şəraiti, qida təminatının keyfiyyəti, onların istirahətinin, əyləncəsinin təşkili ilə maraqlanıblar. Həm gördükləri, həm də söhbət apardıqları sakinlərin dedikləri qonaqlarda böyük təəssürat yaradıb.

Mərkəzdə məskunlaşmış 127 gəncin hər birinə 20 manat nağd pul bağışlandı.

Pansionatda uzun illər səmərəli fəaliyyətinə görə 5 işçiyə Respublika Komitəsinin Fəxri Fərmanı və 50 manat həcmində pul təqdim olundu.

Təşkilatın həmkarlar ittifaqı komitəsinin sədri Təranə Məmmədovanın da əməyi layiqincə qiymətləndirildi. O da Respublika Komitəsinin Fəxri Fərmanına layiq görüldü və 100 manat nağd pulla mükafatlandırıldı.

Hər iki müəssisədə çıxış edən Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev bildirdi ki, əhalinin rifah halı dövlətimizin siyasətində mühüm yerlərdən birini tutur. Bu siyasətin həyata keçirilməsində həmkarlar ittifaqları da yaxından iştirak edir. Bu sahədə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik.

Bəyalı RZAYEV