Xəzər həyat mənbəyidir


Baxıldı : 59

Tarix : 2017-08-25 23:23:08


Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Təşkilat Şöbəsinin müdiri Qoşqar Həmzəyev Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü - "Xəzər Günü"nün qeyd edilməsinə həsr olunmuş tədbirdə bildirdi ki, 2006-cı ildən Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il avqust ayında bu tarix qeyd edilir. Bu günün qeyd edilməsində əsas məqsəd dənizin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən onun bioloji ehtiyatlarının müdafiəsi, bərpası, səmərəli istifadəsi və ən mühüm məqam da bu sahədə əhalinin maarifləndirilməsidir.

Konvesiya Xəzər dənizinin hər tərəfindən çirklənməsinin qarşısının alınmasına, həmçinin dənizin ətraf mühitinin mühafizəsinə, bərpasına qulluq edir. Çərçivə Konvensiyası Xəzər sahilində yerləşən dövlətlər arasında regionda təbiəti mühafizə şərtlərini həyata keçirmək üçün, demək olar ki, hüquqi sənəddir. Hər birimiz yaxşı bilirik ki, çimərlik dövründə Xəzərə nə qədər böyük ziyan vurulur. Dəniz sahilində demək olmaz ki, hər yerdə, amma xeyli sahədə zibilliklər yığılır və bu tullantıların yığılmaması ətraf mühitimizə çox ağır zərbə olur.

Nazirliyimiz Çərçivə Sazişi imzalanandan sonra hər il tərtib olunan çirklənmə əmsalına görə ətraf sahillərdə "Xəzər Günü" çərçivəsində müxtəlif tədbirlər keçirir. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi bu sahədə böyük işlər görür. İdarənin HİK sədri Anar Tağıyev qeyd etdi ki, hər il bu ərəfədə müvafiq qurumların iştirakı ilə Xəzərin ekoloji problemlərinin həlli, görülən işlər, üzvlərimizin bu prosesə cəlb edilməsi mexanizmi müzakirə olunur, xüsusilə bizim gənc həmkarlar ittifaqı təşkilatı üzvlərinin humanist tədbirdə iştirakının istiqamətləri müəyyənləşdirilir. Biz yay dövründə Xəzərin müxtəlif sahillərində işçilərimizin yay istirahətini təşkil edirik. İstirahətimiz təkcə bizim göy ləpələr qoynunda üzməyimizlə bitmir. Belə tədbirlərdə həmişə ətraf mühitin qorunması, gələcək nəsillərimizə əmanəti müxtəlif müsabiqələrin mövzusu olub, ən fəallara hədiyyələr təqdim edilib.

A.Tağıyev daha sonra dedi ki, dəniz sahilində ekoloji təmizliklə məşğul olanların, demək olar ki, hamısı bizim üzvlərimizdir. Hər il ekoloji vəziyyətin yaxşılaşdırılmasında insanların fəaliyyətini artırmaq üşün, dövlət qurumları ilə əlaqəli şəkildə hektarlarla ərazilərdə təmizləmə işləri aparılır. Üzvlərimizin gördüyü işləri Xəzərin təmizliyinə yaxşı töhfə hesab edirəm.

Əhəd İBADOV