Xidmətlə qiymət vəhdət təşkil etməlidir


Baxıldı : 194

Tarix : 2018-04-14 01:07:44


Turizm artıq dünyada ən gəlirli sahələrdən birinə, sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Azərbaycanda da turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları kifayət qədərdir. Lakin sektorda hələ də həllini tapmamış məsələlər var. Mütəxəssislərin fikrincə, daxili turizmin inkişafı ölkəyə daha çox gəlir gətirər. Düzgün qurulan qiymət siyasəti və yüksək səviyyədə xidmət əhalinin istirahət üçün yer seçiminə təsir edər. Bəs Azərbaycanda yerli turizmin inkişafında vəziyyət necədir? Mövcud problemlərə qarşı hansı tədbirlər görülür?

 Bunlara  aydınlıq gətirmək üçün ölkənin turizm şirkətlərindəki vəziyyəti, eləcə də bu sahə üzrə mütəxəssislərin fikirlərini öyrənməyə çalışdıq.

 “Gilan” turizm şirkətinin daxili turizm üzrə məsləhətçisi Əfsanə Pənahova bildirdi ki, hazırda  Azərbaycanda regionlarda istirahətə maraq daha yüksəkdir.

Çünki beynəlxalq valyutanın manata nisbətən dəyərinin artması ölkə daxilində istirahəti iqtisadi cəhətdən daha əlverişli edir. Paytaxtda və bölgələrdə yüksək standartlara cavab verən 3,4,5 ulduzlu otellər var. Sadəcə, istərdik ki, onların sayı çoxalsın. Həmçinin  turizm sektorunun daha cəlbedici və rəqabətqabiliyyətli olması üçün yerli turizm obyektlərinin hər birinin  internet səhifəsinin olması, orada menyudan tutmuş, qiymətlərə qədər bütün təkliflərin göstərilməsi vacibdir. Bu cür xidmətlərin olmaması istirahət etmək istəyən vətəndaşların regionlara cəlb edilməsində müəyyən çətinliklər yaradır.

 “İnterforce” turizm şirkətinin rəhbəri Barat Əlizadə dedi ki, hazırda tələbata əsasən, ən çox Quba, Qəbələ, Şəki, İsmayıllı və Lahıc bölgələrinə turlar təşkil olunur. Əvvəlki illərə nisbətən müraciət edənlərin sayı daha çoxalıb. Qiymətlər də münasibdir. Məsələn,  birgünlük Quba turu 25 manata başa gəlir. Bizi narahat edən əsas məsələ qondarma turizm şirkətlərinin peyda olmasıdır. Onlar qısa müddət fəaliyyət göstərir. Bu qısa müddət ərzində qiymətləri aşağı salırlar. Məsələn, “Şahdağ”a normalda birgünlük tur 20-21 manatdırsa, bu şirkətlər həmin yerə 7-8 manat civarında turlar təşkil edir. Nəticədə turistlərdə fikir ayrılığı yaranır. Ucuz olduğu üçün onları seçirlər və nəticədə keyfiyyətsiz xidmət gördükdə ölkədəki bütün turizm şirkətlərinə etimad azalır.

“Azərbaycanda ilin bütün fəsillərində turizm üçün potensial var. Bu sahənin inkişaf etməsi üçün müəyyən addımlar atılır, yeni turizm zonaları yaradılır, beşulduzlu hotellərin sayı artır. Bununla belə, çalışmalıyıq ki, bu sahədə olan müəyyən çatışmazlıqlar da aradan götürülsün”.

Bunu Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov dedi.  O qeyd etdi ki, biz daim bu sahədə irəliləyiş etməliyik. Turizm zonalarında, qonşu Gürcüstanda olduğu kimi,  beşulduzlu hotellərlə yanaşı, bir və ya ikiulduzlu hotellər fəaliyyət göstərməlidir ki, aztəminatlı ailələr, təqaüdçülər və tələbələr də  öz ciblərinə uyğun istirahət  edə bilsinlər. Həmçinin ucuz hotellərin inşaası daha məqsədəuyğundur, çünki onların fəaliyyəti üçün daha az vəsait tələb olunur.

M.Ağakərimov dedi ki, istirahət mərkəzlərində  xidmət səviyyəsi də ürəkaçan deyil: “Azərbaycanda turizm sahəsində kifayət qədər təhsil ocaqları var. Bu sektora aid kadrlar kəmiyyətcə çox olsa da, hələ keyfiyyət istədiyimiz nəticəni vermir. Regionlarda yüksək səviyyədə xidmət göstərmək üçün treninqlər təşkil olunmalıdır, burada peşəkar kadrların çalışmasına imkan yaradılmalıdır. Belə təlimləri rayonların hamısında təşkil etmək çətin olsa da, regionlar üzrə bu, mümkündür. Eyni zamanda yeməklərin daha keyfiyyətli hazırlanması və münasib qiymətə xidmətin təklifi insanlarda daha uzunmüddətli istirahətə həvəs yaradacaq. Turist bir yerdə nə qədər çox qalarsa, bir o qədər də çox gəlir gətirər. Biz bəzən Türkiyənin turizm sahəsində gördükləri işlərə həsəd aparırıq. Türkiyədə və dünyanın bir çox ölkələrində xidmət sahəsinə xüsusi diqqət ayrılır. Çünki yaxşı xidmət turist bazasının genişlənməsinə və beynəlxalq rəqabətdə davamlılığa imkan yaradır. Otel sahibləri, turizm mərkəzlərinin rəhbərləri bu məsələlərə diqqət yetirməlidir. Yaxın olan ölkələrin otel qiymətlərinin təhlil edilməsi və müvafiq qiymətlərin bunun əsasında tənzimlənməsi vacib amildir. Bir sözlə, xidmətlə qiymət vəhdət təşkil etməlidir. 

Əsli ƏHMƏDOVA