XIV Respublika Universiadası start götürdü


Baxıldı : 69

Tarix : 2019-06-04 12:46:52


Aprelin 29-da Bakı İdman Sarayında tələbələrin XIV Respublika Universiadasının açılış mərasimi olub.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov hər bir ölkənin gələcək inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın rolunu yüksək qiymətləndirib. Nazir müavini ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində, o cümlədən Azərbaycanın müstəqilliyinin bərpasından sonra, digər sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafını diqqət mərkəzində saxladığını söyləyib. Respublikamızın idman ölkəsi kimi tanınmasının çox qürurverici bir hal olduğunu deyib.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda idman siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Ölkəmizdə idmanın inkişafında olan yenilikləri diqqətə çatdıraraq qeyd edib ki, idmançılara dövlət qayğısı ilə yanaşı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Ən müasir standartlara cavab verən olimpiya idman kompleksləri tikilərək gənclərin istifadəsinə verilib. Təqdirəlayiq haldır ki, idmançılarımız nüfuzlu beynəlxalq turnirlərdə parlaq nailiyyətlərə imza ataraq Azərbaycanın bayrağını ucaldır, himnini səsləndirirlər. Azərbaycan ən nüfuzlu idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir və belə yarışlar artıq bölgələrdə də keçirilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində təhsilə və idmana daim böyük önəm verdiyini bildirib. Ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini deyib: “Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman siyasətinin nəticəsində bu gün Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədilə həyata keçirilən tədbirlər, idman infrastrukturunun yaradılması ilə bağlı görülən işlər öz səmərəli nəticəsini verir. Azərbaycanın 2015-ci ildə təşkil olunan ilk Avropa Olimpiya Oyunlarına, 2016-cı ildən “Formula-1” yarışlarına, beynəlxalq velosiped yarışlarına ev sahibliyi etməsi, son illərdə idmançılarımızın qazandığı nailiyyətlər ölkəmizin idman sahəsində əldə etdiyi uğurların bariz nümunəsidir. Bütün bu uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının I vitse-prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə idmana, idmançılara göstərdiyi diqqət və qayğı dayanır.

İnanırıq ki, Azərbaycan idmançıları dünya əhəmiyyətli yarışlarda bundan sonra da öz sözünü deyəcək, Azərbaycanın üçrəngli bayrağı ən yüksək zirvələrdə dalğalanacaq”.

S.Möhbalıyev ölkəmizdə bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılmasında həmkarlar ittifaqı təşkilatlarının gördüyü işləri də xüsusi vurğulayıb. Bu baxımdan universiadaların vacib rol oynadığını qeyd edərək deyib: “XIV Respublika Universiadasında 16 ali təhsil müəssisəsinin tələbələri iştirak edirlər. Yarışlar idmanın 10 növü üzrə keçiriləcək və ümumilikdə min nəfərdən artıq tələbəni əhatə edəcək. Məlumat üçün qeyd edim ki, builki Universiadada Bakı şəhəri ilə yanaşı, Gəncə şəhərində fəaliyyət göstərən universitetlərin tələbələri də iştirak edir. Bu da XIV Respublika Universiadasının əhatə dairəsinin daha da genişləndiyini göstərir.

Təhsil, Gənclər və İdman nazirlikləri, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurası tərəfindən təşkil edilən universiada tələbə gəncləri bədən tərbiyəsinə və idmana cəlb etmək, fiziki hazırlıqlarını möhkəmləndirmək məqsədilə reallaşdırılır. Yarışın qalibi olmuş tələbələr bu il iyulun 3-14-də İtaliyanın Neapol şəhərində keçiriləcək XXX Ümumdünya Yay Universiadasında iştirak edəcəklər”.

Sonra millət vəkili ali məktəb tələbələrinin XIV Respublika Universiadasını açıq elan edib və idman tədbirində iştirak edən bütün komandalara uğurlar arzulayıb. Açılış mərasimi bədii hissə ilə davam edib.

Azər MUSTAFAYEV