Xocalı şəhərinin əsas hədəf seçilməsi...


Baxıldı : 183

Tarix : 2015-02-28 02:35:00


Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə anım mərasimi keçirilib.Akademiyanın ayrı-ayrı tədqiqat institutlarının gənc alim və mütəxəssislərinin iştirak etdiyi tədbirdə öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə açan Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov soyqırımı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı hərbi cinayətlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, bu qırğın təkcə Azərbaycan xalqının deyil, dünya xalqlarının tarixində misli-bərabəri olmayan vəhşilikdir. Onun sözlərinə görə, Xocalı şəhərinin ermənilər tərəfindən əsas hədəf seçilməsi də təsadüfi deyildi. Xocalı tarixi bir bölgədə yerləşdiyi üçün Qarabağın tarixi xüsusiyyətlərini özündə əks etdirirdi. F.Salmanov qeyd etdi ki, Xocalı soyqırımını, eləcə də Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənc alimlər də böyük rol oynaya bilərlər.Tədbirdə AMEA-nın İnsan Hüquqları üzrə Elm-Tədqiqat İnstitutunun Milli Təhlükəsizlik və Erməni Araşdırmaları Şöbəsinin böyük elmi işçisi Esmira Orucova, Tarix İnstitutunun Azərbaycan Diasporu Şöbəsinin kicik elmi işçisi Raisə Cəfərova və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təbiət elmləri kafedrasının müdiri, dosent Yusif Alıyev çıxış edərək öz fikir və mülahizələrini bölüşdülər.Bəyalı RZAYEV