Xocalı soyqırımı


Baxıldı : 756

Tarix : 2015-02-21 03:41:00


Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib, 500 nəfərə yaxın müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Qəddarlıq, insanlığa yaraşmayan vəhşilik XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi kimi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalının alınması əvvəlcədən planlaşdırıldığından, qəddarlıq, insanlığa yaraşmayan vəhşiliklər xüsusi amansızlıqla həyata keçirilib. Fevralın 25-də axşam erməni silahlı dəstələri 366-cı alayın hərbi texnikasının köməyi ilə şəhərə üç istiqamətdən hücuma keçib. Yalnız Əsgəran istiqamətində yol açıq saxlanılmışdı ki, qaçan əhali tələyə salınaraq orada məhv edilsin. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçivanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla öldürülüb.Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilib, dözülməz işgəncələr verilib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb. Hamilə qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb, meyitlər zorakılığa məruz qalıb. Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozduğunu, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilənin soyqırımı olduğunu təsdiqləyir.Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin qaçıb qurtarmaq istəyən xeyli hissəsi ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnib. Şahidlərin dili iləBütün bu hadisələri öz gözləri ilə görmüş Xocalı sakinləri - şahidlərin dediklərindən: ...Qızımı öldürdülər, ərimi öldürdülər, iki qız nəvəmi də öldürdülər. Bu iki nəvəmlə məni ölümdən bizimkilər güclə qurtardılar. Qızımın ərini ağaca bağlayıb döyə-döyə, hissə - hissə benzin töküb yandırdılar. 9 yaşlı qız nəvəm erməninin ayaqlarını qucaqlayıb yalvardı ki, anamı, bacılarımı öldürün, atamı öldürməyin. Ayağını öpdü, yalvardı... Erməni onu ayağı ilə vurub itələdi, sonra atasının başına benzin töküb tamam yandırdı. ...Bu hadisələrdən sonra biz xocalılar heç birimiz özümüzə gələ bilmirdik. Atam da 2 il can verdi. Axır sözü də o oldu ki, məni Xocalıya aparın. Mən onu necə apara bilərəm? …Hər tərəfdən Xocalını mühasirəyə almışdılar. Güllə yağış kimi yağırdı. Adamlar elə ev paltarında, başmaqda, alt paltarında birtəhər canını götürüb meşəyə qaçırdı. Gecə idi. Göz-gözü görmürdü. Ermənilər meşəni də mühasirəyə almışdılar. Tələyə salıb xeyli insanı da orda qırdılar. Birtəhər, sürünə-sürünə canımızı qurtardıq. Bir yerə toplaşmış ailələrin, körpələrin üstündən BTR-lər keçib onları torpağa qarışdırdı. Qurtulan çox az adam oldu. Böyük oğlum elə Xocalıda qaldı. Meyidini sonra xarici jurnalistlər gətirdilər. Kiçik oğlumu da orada itirdim. …Əsirlikdə olanda bizi gecə-gündüz 3 dəfə döyürdülər. Kişilərin başına olmazın oyunları açırdılar. Bizim əllərimizi qapı arasında qoyub sındırırdılar. Qolumuzu arxadan dartıb çıxarırdılar, sümüklərin arası şişib göynəyirdi. İşgəncələr çox idi. Nə zülmlə gəlib çıxdıq. Xocalı həqiqətləri beynəlxalq aləmdə Bir sıra ölkələrin Xocalı həqiqətlərini qəbul etməsi ilə yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Zaman keçdikcə dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Xocalı faciəsinin soyqırımı olması faktı artıq bir çox ölkələrin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu bildirib ki, təşkilatımız fəaliyyət göstərdiyi yeddi il ərzində soyqırımın tanıdılması üçün mütəmadi olaraq tədbirlər, sərgilər keçirir. Bu il Türkiyənin 4 şəhərində, iki ali təhsil ocağında tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə ki, Əskişəhərdə 613 şəhidin adı ilə bağlı ağacəkmə mərasiminin, Sakarya və Amasya universitetlərində toplantıların baş tutacağı gözlənilir. İzmirdə soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş kütləvi mitinq-yürüşdə iştirak edəcəyik. İstanbulda tanınmış kütləvi informasiya vasitələri ilə görüşlərimiz olacaq. Eyni zamanda bizim Xocalıdan olan məcburi köçkün Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslimqızı da Almaniyada keçirilən tədbirlərdə iştirak edəcək. Həmçinin silsilə tədbirlər dünyanın əksər ölkələrində də davam etdiriləcək. Bütün bu göstərdiyimiz fəaliyyət öz müsbət nəticəsini verməyə başlayır. Artıq beynəlxalq aləm ermənilərin azərbaycanlılara qarşı törətdiyi saysız-hesabsız cinayətləri, terror aktlarını, o cümlədən Xocalı soyqırımını tanıyır. Odur ki, həqiqi informasiyanı Azərbaycandan almağa çalışırlar. Haqq səsimiz eşidilməyə başlayır. Və zaman bizim xeyrimizə işləyir. Əfsuslar olsun ki, bu günə qədər bu hadisələri törədənlər öz layiqli cəzalarını almayıblar. Digər ictimai təşkilatlarla birlikdə çalışırıq ki, \ qondarma erməni soyqırımı\ nın yüz illiyi ərəfəsində daha aktiv fəaliyyət göstərək, əsl həqiqətləri dünyaya çatdıraq, özünü məzlum cildində göstərən ermənilər haqq-ədalət qarşısında cavab versinlər. Xocalı soyqırımının ildönümü münasibətilə Avropa və Qərb dövlətlərində keçirilən aksiyalarda iştirak edənlərin sayının artması, Xocalı faciəsinin İsveçdə yaradılmış və virtual aləmdə geniş təbliğ olunan \ Beynəlxalq Müharibə Qurbanları Memorialı\ na daxil olunması da Azərbaycana dəstək kampaniyasının nümunəsidir. Bu günlərdə keçirilən 51-ci Münhen Təhlükəsizlik Konfransında Xocalı soyqırımı barədə açıqlama verən Prezident İlham Əliyev dünya ictimaiyyətini günahsız insanların qətli ilə nəticələnən terrora qarşı mübarizəyə çağırmışdır: \ Elə bir vəziyyət olmalıdır ki, səhvlərdən nəticə çıxarılmalı və dünyanın digər yerlərində oxşar faciələrin yaşanmaması üçün beynəlxalq ictimaiyyət baş verənlərə biganə qalmamalıdır. Əfsuslar olsun ki, Xocalı faciəsi barədə xüsusilə Avropa ictimaiyyətində geniş məlumat yoxdur. Baxmayaraq ki, 10-dan çox ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bu soyqırımı nəticəsində 600- dən çox günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq qətlə yetirilib və bu insanların yeganə günahı ondan ibarət idi ki, onlar azərbaycanlı idilər. Təəssüflər olsun ki, bu günə kimi Ermənistan bu hərbi cinayəti törətdiyini etiraf etməyib. Onlar heç üzr də istəməyiblər. Avropa və ABŞ-dakı fəal erməni lobbisinin fəaliyyəti nəticəsində onlar beynəlxalq ictimaiyyətin bu faciədən diqqətini yayındırmağa nail olublar\ . Xocalı faciəsinin miqyası BMT-nin 9 dekabr 1948-ci ildə qəbul etdiyi və 12 yanvar 1951-ci ildə qüvvəyə minmiş \ Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında\ konvensiyada təsbit olunmuş müvafiq prinsiplərlə uyğunluq təşkil edir. Bu faciə beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhvinə yönələn cinayətlərdən biridir və bütün dünyada soyqırımı kimi qəbul olunmalıdır. Azərbaycan ictimaiyyətinin dünya birliyindən gözlədiyi məhz budur. Bu müdhiş faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd edilir. Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anılır, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş olunur. Hər il olduğu kimi, bu il də fevralın 26-da saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək. Azər BAYAT