“Xocalı şahidləri danışır” kitabının təqdimatı olub


Baxıldı : 169

Tarix : 2018-02-24 00:33:30


 

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib.

“Azərbaycan” qəzeti tərəfindən nəşr edilən kitabda Xocalı soyqırımının şahidi olan insanların acı xatirələri əksini tapıb.

Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə “Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir.

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun maliyyə dəstəyi ilə nəşr olunub.

Təqdimat mərasimində əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimin moderatoru, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində işıq üzü görən “Xocalı şahidləri danışır” kitabının əhəmiyyətindən söhbət açıb. Bildirib ki, Xocalı faciəsinin canlı şahidlərinin kitabda toplanmış xatirələri xüsusi önəm daşıyır. O.Səmədov Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri işlərdən danışıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin ağır nəticələrindən bəhs edib. Diqqətə çatdırıb ki, Ermənistan Azərbaycana qarşı bir əsrdə dörd dəfə ərazi iddiası qaldırıb. Ermənistan “böyük Ermənistan” yaratmaq xülyası ilə torpaqlarımıza göz dikib. Qeyd edib ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov kitaba yazdığı ön sözdə bu hadisələrin xronologiyasını, tarixi köklərini ətraflı şəkildə göstərib.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək bildirib: “Bu cür kitabların yazılması çox vacibdir. Biz bu hadisələri qələmə almaqla onları tarixi fakta çeviririk. Hesab edirəm ki, bu kitab qanlı Xocalı soyqırımını törədənlərin tarixi məhkəməsinin qurulması üçün bir mənbə rolunu oynayacaqdır”.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov da çıxışında bu kitabdan gələcəkdə beynəlxalq səviyyədə bir hüquqi sənəd kimi istifadə ediləcəyinə əminliyini bildirib.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində mühüm işlərin görüldüyünü deyib. Kitabın əhəmiyyətindən danışan icra başçısı bildirib ki, kitabda 200 il ərzində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi, onların terror təşkilatları yaratmaları barədə faktlar yer alıb.

Təqdimat mərasimində Xocalı sakini Mehriban Əliyevanın, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədovun, Milli Məclisin deputatı Rafael Cəbrayılovun, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun da çıxışları dinlənildi.