Xocalı şəhidlərinin əziz xatirəsi yad edilir


Baxıldı : 134

Tarix : 2017-02-24 23:37:16


1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı XX əsrin ən dəhşətli cinayəti törədilib. Erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər.

Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər şikəst olub. 1275 dinc sakin girov götürülüb.

Həmin tarixdən 25 il ötsə də, kədərli faciənin ildönümündə Xocalı şəhidlərinin əziz xatirəsi bir daha yad edilir, tarixi olaylara yenidən nəzər salınır. Bu gün dünyanın bir çox ölkəsi Xocalıda baş verən dəhşətli qətliamı soyqırımı kimi tanıyır və bununla bağlı rəsmi sənədlər qəbul olunur.