Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Sərəncam imzalanıb


Baxıldı : 22

Tarix : 2019-02-11 04:20:47


Prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Sərəncam imzalayıb.

Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir.

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu günədək beynəlxalq hüququn normaları və prinsipləri, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmamışdır.

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ hüquqi qiymət verilməmişdir.

2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir qismini işğaldan azad etmiş, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçmişdir. Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz vardır. Mövcud status-kvo qəbuledilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir.

Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etsin.

Pensiyaların sığorta

hissəsi indeksləşdiriləcək

Prezident İlha

m Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasının təmin edilməsini və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə həvalə edilib.

Prezident Şamaxı, İsmayıllı və Ağsuda təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirlərinə dair Sərəncam imzalayıb

Prezident İlham Əliyev Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

Sərəncamda qeyd edilir ki, fevralın 5-də episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, sosial və infrastruktur obyektlərinə ziyan dəyib.

Təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib. Zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində hazırda zəruri tədbirlər görülür.


 

Minimum aylıq əməkhaqqının

məbləği artırılıb

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.

Sərəncamda Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.