Xoş xatirə kimi şirin söhbətlərin mövzusuna çevriləcək


Baxıldı : 120

Tarix : 2019-08-02 15:41:42


“Xəzər” artıq, necə deyərlər, oturuşmuş, turizm üzrə zəngin təcrübəyə malik istirahət ocaqlarındandır. Hələ sovet dönəmində salınmış bu turist bazası üçün Nabranın ən münasib yeri seçilmişdi. Dənizin ləpələrinin səsi turist bazasının dərinliklərində belə eşidilir. Bazanın hüdudlarında durub baxanda Xəzər mavi vərəq kimi gözlərin önündə açılır. Başı ağ köpüklü ləpələr sanki bu mavi vərəqdə səliqəli şagirdin əli ilə yazılmış sətirlərdir.

Əks tərəf isə qalın meşəlikdir. Əslində meşəlik elə turist bazasının ərazisindən başlanır. Təbii gözəlliyi bazanı iki yerə bölən şırıltılı sərin, dumduru olan dağ çayı bir az da artırır. Sanki Allahın insana bəxş etdiyi təbii gözəlliklərin hamısı, məcazi mənada desək, əl içi boyda olan bir parça ərazidə birləşib.

Bunlar, bəli, Allahın verdiyi gözəlliklərdir. Bəs bu gözəlliklərin insanların zövq, əyləncə, istirahət məkanına çevrilməsi üçün hansı işlər görülür? Məsul insanlar nə edirlər ki, ölkəmizin əhalisi yay mövsümündə böyük məmnuniyyətlə məzuniyyətini məhz “Xəzər”də keçirməyə can atır? Bu suallara cavabı, əlbəttə, özüm də tapa bilərəm. Çünki bu məkana çox yaxşı bələdəm. Amma turistlərin fikrini öyrənib oxucularımıza təqdim etməyi daha münasib və inandırıcı saydım.

Hüseyn Alməmmədov ( Bakı şəhəri, mühəndis):

- İlk növbədə xidmət personalının yüksək mədəniyyətini və peşəkarlığını qeyd etmək istərdim. Öyrəndiyimə görə, burada mövsüm ərzində 130 nəfərə qədər işçi turistlərin xidmətində durur. Otaqlar səliqəlidir. Hər otaqda turistə lazım olan məişət avadanlıqları qoyulub. Çimərlikdən, meşədə gəzintidən qayıtdıqdan sonra sutkanın istənilən dəqiqəsində isti, soyuq duş qəbul etmək imkanı var. Yataq mələfələri tez-tez dəyişdirilir. Bazanın ərazisi təmiz və səliqəlidir. Tibb məntəqəsi fəaliyyət göstərir. Baza bu məntəqəni ilkin tibbi ləvazimatlarla, dərmanlarla təchiz edir.

Akif Əmiraslanov (Gəncə şəhəri, müəllim):

- Bura ailəmlə gəlmişəm. Yeməklərindən arxayınam. Səhər, günorta, axşam süfrələrinə düzülən yeməklər həm ləzzətli, keyfiyyətli, həm də çoxçeşidli olur. Hələ, üstəlik, meşəyə gəzməyə çıxanda turistlərə, istədikləri halda, quru yeməklər paketi, meyvələr də verilir.

Turistlərin sözlərinə onları da əlavə edim ki, burada axşam saatları xüsusilə maraqlı keçir. Axşam istirahətini hər turist öz zövqünə uyğun seçir. Kimi ailəsi ilə birlikdə ağacların çətiri altında gizlənmiş çayın üstündə quraşdırılmış köşklərdə milli mətbəximizin nemətlərini dadır. Kimi yay klubunda konsertə baxır. Gənclər isə diskotekalarda həmyaşıdları ilə gecənin ləzzətini alırlar.

Burada vaxtın necə gəlib-keçdiyini dəqiq bilən olmur. Çünki vaxta vaxt ayırmağa heç kimin vaxtı olmur.

Amma mən vaxt tapıb bazanın direktoru Mahir Şirəliyevlə söhbət edə bildim. O, dedi, açığı, müxtəlif xarakterli insanların toplaşdığı məkanda işləmək çox çətindir. Amma kollektivimiz bu çətinliyin öhdəsindən bacarıqla gəlir. Bu işdə xidmətində olduğumuz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiysı da bizə böyük dəstək göstərir. Mən Konfederasiyanın sədri, millət vəkili Səttar Möhbalıyevə xüsusi təşəkkür edirəm ki, o, özü şəxsən hər mövsümdə turist bazasına gəlir, kollektivimizlə, turistlərlə görüşür, vəziyyəti yerindəcə öyrənir. Lazımi tövsiyələrini, problemlərimizin həllinə dair operativ göstərişlərini verir.

“Xəzər” qaynar günlərini yaşayır. Bu qaynarlıq hələ sentyabrın əvvəllərinə qədər davam edəcək. Sonra isə xoş xatirə kimi şirin söhbətlərin mövzusuna çevriləcək.

Bəyalı RZAYEV