Şəxsi məlumatları sığortaçılara kim verir


Baxıldı : 217

Tarix : 2016-05-13 05:21:00


Avtomobillərin icbari sığortası ilə bağlı sürücülərin şikayətləri artmağa başlayıb. Söhbət avtomobillərini icbari qaydada sığortalayan sürücülərin şəxsi məlumatlarının, o cümlədən mobil nömrələrinin yayılmasından gedir. Sığorta agentliklərindən verilən məlumata görə, son dövrdə bununla bağlı müştəri şikayətləri artmağa başlayıb. Sürücülər artıq avtomobillərini icbari qaydada sığortalayarkən mobil nömrələrini müqaviləyə qeyd etmək istəmirlər.Sığorta agentliklərindən verilən məlumata görə, fevral-mart aylarından etibarən belə şikayətlər xeyli artıb. Sürücülər şəxsi məlumatlarının, xüsusilə də mobil nömrələrinin müxtəlif şəxslərin əlinə keçməsindən çox narahat olmağa başlayıblar. \ Qarant\ Sığorta Agentliyinin rəhbəri Ramin Səmədov bildirib ki, mart ayından etibarən icbari sığortasız avtomobillərə görə cərimələrin artırılması sığorta satışı ilə məşğul olanları bir qədər də aktivləşdirib. Onun sözlərinə görə, sığorta şirkətlərinin nümayəndələri və agentlər müxtəlif vasitələrlə avtomobil sahiblərinin məlumatlarını mənimsəyib sığorta müqaviləsinin vaxtı bitmədiyi halda onlara ucuz sığorta təklifi edirlər. Bu isə müştərilərdə narazılıq yaradıb: \ Bizim əməkdaşlar müştəriyə müraciət edərək köhnə müqavilənin yenilənməsini təklif edirlər. Bu zaman sürücülər şəxsi məlumatlarının yayılmasından narazılıqlarını bildirirlər\ . Onun sözlərinə görə, hər 10 müştəridən 7-nə sığorta ilə bağlı bezdirici zənglər gəlir. Gündə 8-10 sığorta təklifi ilə bağlı zəng qəbul edən müştəri artıq çarəsiz qalaraq müqaviləyə mobil nömrələrini qeyd etməkdən imtina edirlər. Bəzi hallarda isə işləməyən nömrə qeyd edirlər. Hətta sığorta sahəsində çalışan müştərilərə də bu tipli zənglər gəlir. Hətta müştərinin çalışdığı sığorta şirkətinin xidmətindən faydalandığını bildirməsinə baxmayaraq, davamlı zənglərlə ucuz sığorta paketləri təklif edilərək onları narahat edirlər.Ekspertlərin sözlərinə görə, sürücülərin şəxsi məlumatları bir neçə yerdə ələ keçə bilər. Birincisi, avtomobillərin icbari sığortası ilə bağlı şəxsi məlumatları İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində qeyd edilir. Digər tərəfdən, avtomobillərin alqı-satqı prosesində icbari sığorta müqaviləsi də tələb edilir. Ekspert İlkin İbrahimov bildirib ki, avtomobilin alqı-satqısı zamanı notariusda, qeydiyyata alınanda isə DYP-də icbari sığorta müqaviləsi tələb edilir. Avtomobil sahiblərinin şəxsi məlumatları, o cümlədən mobil nömrələri yalnız bu şəkildə sığorta agentinə və ya satış nümayəndəsinə ötürülə bilər.İ.İbrahimovun sözlərinə görə şəxsi məlumatların ələ keçməsindən və bezdirici sığorta zənglərindən xilas olmağın yeganə yolu kütləvi şəkildə polisə müraciət edilməsidir: \ Şikayətçilər ərizə ilə polisə müraciət etməli, məsələ Daxili İşlər Nazirliyində araşdırılmalıdır. Yalnız bu şəkildə şəxsi məlumatların ötürülməsinin qarşısını almaq olar\ .Cavid SƏFƏROV