XX Respublika Spartakiadası sona çatıb


Baxıldı : 39

Tarix : 2017-12-01 21:33:03


"Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin (BTİCİB) təşkilatçılığı ilə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XX Respublika Spartakiadası çərçivəsində son oyun - güllə atıcılığı üzrə yarış noyabrın 22-23-ü tarixində baş tutub.  Sərrast hədəf atışlarını həyata keçirən Müdafiə Sənayesi işçiləri fəxri kürsünün ilk pilləsinə qalxıblar. Metropolitençilər ikinci sıralamada olublar. Aviasiya işçiləri isə ilk üçlüyü tamamlayıblar.

Bununla da oktyabrın 11-dən startı verilən XX Respublika Spartakiadası noyabrın 23-də sona çatıb.

Ümumilikdə Spartakiadada Aviasiya, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı, Elektroenergetika və Elektrotexnika, Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı respublika komitələrinin,  Metropoliten və "Baku Stil Kompani" işçiləri həmkarlar ittifaqı birliklərinin komandaları iştirak ediblər. Yarışlarda 240 nəfər (o cümlədən 19 qadın) 10 idman növündə (futbol, voleybol, daşqaldırma, üzgüçülük, kəndirdartma, stolüstü tennis, nərd, dama, şahmat və güllə atıcılığı) mübarizə aparıb.

Yekun nəticəyə görə, ümumi komanda hesabında birinci yerə Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı işçiləri layiq görülüblər. Müdafiə Sənayesi işçiləri ikinci yeri tutublar.  Metropoliten işçiləri üçüncü olublar. Aviasiya işçiləri dördüncü, Elektroenergetika və Elektrotexnika Sənayesi işçiləri beşinci, "Baku Stil Kompani" işçiləri isə altıncı pillədə qərarlaşıblar.

Spartakiadanın ümumkomanda hesabında qalibləri və ayrı-ayrı idman növlərində mükafata layiq yerləri tutmuş idmançılar "Zenit" BTİCİB-nin diplomları və qiymətli hədiyyələrlə təltif olunublar.

Azər MUSTAFAYEV