Yaşadığ...


Baxıldı : 269

Tarix : 2016-06-03 05:26:00


Yaşadığım ünvana qaz sayğacı qoyulmalıdır. Bu işə məsul olan şəxs deyir ki, bunun üçün 300 manat ödəməlisiniz. Bilmək istəyirəm, qaz sayğacının qoyulması üçün ödəniş edilməlidirmi? Belə ödəniş mövcuddursa, bu, abonentin, ya Dövlət Neft Şirkətinin hesabına olmalıdır?Yaqub ƏLƏKBƏROV,Gəncə şəhəri.- Qazpaylayıcı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsi əsasında qaz təchizatı üzrə münasibətlər, şəbəkəyə qoşulma və şəbəkədən ayrılma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər Nazirlər Kabineti tərəfindən 2011-ci il 12 may tarixli 80 nömrəli qərarla təsdiq edilmiş \ Qazdan istifadə Qaydaları\ ilə tənzimlənir. Qaydaların \ Qaz sayğaclarının quraşdırılması və istismarı\ adlanan 4-cü hissəsinə əsasən, qazpaylayıcı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq SMPDK tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər vasitələrin istismarı qadağandır.Qaz sayğacları məişət qaz qurğularının və sənaye qaz qurğularının istifadəsi üçün quraşdırılır və dəyişdirilir. Bu sayğaclar dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir.Məişət qaz qurğusu-ümumi qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartı tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğularıdır.Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğusunun istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşıdırılır və dəyişdirilir. Sizin evdə quraşdırılan sayğac məişət qaz qurğusu üçündürsə, onda vəsait ödənilməməlidir. Lakin gələcəkdə Sizin təqsiriniz olmadan zədələnmiş qaz sayğacının təmiri, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz olunması) və quraşdırılması qaz paylayıcısı tərəfindən, zədələnmə Sizin təqsiriniz üzündən baş verdikdə isə vəsait Sizin tərəfinizdən ödənilməli, göstərilən hərəkətlər isə qaz paylayıcısı tərəfindən həyata keçirilməlidir.Fiziki şəxs olan istehlakçıların (yəni həm də Sizin) qaz sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməlidir. Lakin bu, sayğacın göstəricisinə sərbəst şəkildə baxılmasına mane olmamalıdır.Ünvanlı dövlət sosial yardımın alınması üçün necə və hara müraciət etmək olar?Əbülfəz AĞAYEV,Masallı rayonu.- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş \ Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları\ nın 2-ci bəndinə əsasən, ailəni təmsil edən şəxs müraciəti elektron formada və ya kağız üzərində edə bilər. Bunun üçün aşağıdakı sənədlər tələb olunur:şəxsiyyəti təsdiq edən sənəd (müraciət kağız üzərində olduqda);notariat orqanı tərəfindən təsdiq edilmiş təmsilçilik barədə ərizə; ərizə-bəyannamə.Qeyd etmək lazımdır ki, təmsilçilik barədə ərizə notariat orqanı tərəfindən təsdiq edildikdən sonra müraciət üçün 90 gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədə olur. Kağız üzərində müraciət edən şəxs sosial yardımın alınması üçün notariat orqanı tərəfindən təsdiq edilmiş \ Ərizə\ ni və \ Ərizə-bəyannamə\ ni Təmsilçinin yaşayış yeri üzrə Dövlət Sosial Təminat Xidmətinin rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməlidir.Qaydalara görə, kağız üzərində müraciət edən şəxs Mərkəz tərəfindən rəsmi olaraq qəbul olunur və bu barədə Təmsilçiyə müvafiq bildiriş təqdim edilir. Müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, Mərkəzin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə - VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda uyğunsuzluq barədə məlumat 1 iş günü müddətində Təmsilçiyə rəsmi bildirilir.Kağız üzərində göndərilmiş müraciət qeydiyyata alındıqdan sonra isə Təmsilçinin \ Ərizə-bəyannamə\ də qeyd etdiyi əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən bu barədə məlumat göndərilir, ya da bildirilir. Bu tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır.Qaydaların 2.3. bəndinə əsasən, sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi kompüterlərdən, mobil telefonlardan və s., habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə edə bilər. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədilə \ Elektron hökumət\ və ya Nazirliyin \ Elektron xidmətlər\ portallarında yerləşdirilmiş \ Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi\ elektron xidmətlərindən istifadə etməklə \ Ərizə-bəyannamə\ ni dolduraraq VEMTAS-a göndərir. Elektron formada göndərilmiş müraciət qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına VEMTAS tərəfindən bu barədə məlumat göndərilir. Bu tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır.Miras əmlakının mühafizə olunması üçün tədbir görülməsindən ötrü xüsusi notariusa müraciət edə bilərəmmi? Belə notariuslarda hansı əməliyyatların aparılması haqqında məlumat verməyinizi xahiş edirəm.Səyavuş MƏMMƏDLİ,Bakı şəhəri.- Ölkəmizdə notariat hərəkətləri dövlət notariusları, rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan vəzifəli şəxslər, Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri və xüsusi qaydada notariat fəaliyyətini həyata keçirmək üçün Ədliyyə Nazirliyində müəyyən edilmiş qaydada qeydiyyatdan keçərək xüsusi notariusun qeydiyyat vəsiqəsini almış xüsusi notariuslar həyata keçirirlər.\ Notariat haqqında\ qanunda qeyd edilən qurumların hər birinin apara biləcəyi notariat hərəkətləri göstərilmişdir. Həmin Qanunun 26-cı maddəsində qeyd edilir ki, xüsusi notarius bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır. 17-ci maddə \ Dövlət notariusu tərəfindən aparılan notariat hərəkətləri adlanır. Həmin maddədə nəzərdə tutulmuş və hər iki notarius tərəfindən aparılan notariat hərəkətləri aşağıdakılardır:1) əqdləri və etibarnamələri təsdiq edir;2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;5) yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir;6) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;7) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;8) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;9) şəxsin sağ olması faktını təsdiq edir;10) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;11) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;12) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;13) fiziki və hüquqi şəxslərin ərizələrini başqa fiziki və hüquqi şəxslərə verir;14) öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir;15) icra qeydləri aparır;16) veksellərə protestlər tərtib edir;17) çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir;18) sənədləri saxlanmaq üçün qəbul edir;19) dəniz protestləri tərtib edir;20) sübutları təmin edir.Miras əmlakının mühafizə olunması üçün tədbirlər görməkdən ötrü xüsusi notariusa müraciət etməyinizdə heç bir yalnışlıq yoxdur.Onu da qeyd edək ki, adıçəkilən Qanunun 26-cı maddəsinə əsasən, dövlət notariuslarında olduğu kimi (maddə 17), Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi notariusa da başqa notariat hərəkətlərinin aparılması həvalə edilə bilər.Əvəzçilik üzrə işlədiyim müəssisədən ezamiyyətə göndərirlər. Bilmək istəyirəm, əsas iş yerimdə mənə ezamiyyətdə olduğum günlər üçün əməkhaqqı ödəniləcəkmi?Nazim SƏFƏROV,Bakı şəhəri.- Qeyd etdiyiniz məsələ \ İşçilərin Ezamiyyə Qaydaları\ ilə nizama salınır. Həmin Qaydaların 9-cu bəndinə əsasən, əvəzçilik üzrə işləyən işçi ezam olunan zaman onun orta əməkhaqqı yalnız onu ezam edən təşkilatda saxlanılır. Əgər işçi əsas və əvəzçiliklə işlədiyi iş yeri üzrə eyni vaxtda ezam olunarsa, bu halda onun orta əməkhaqqı hər iki iş yerində tutduğu vəzifə üzrə saxlanılır, ezamiyyət xərcləri isə müvafiq razılığa əsasən ezamiyyətə göndərən təşkilatlar arasında bölüşdürülür.