Yağış Bakını suda \ boğdu\


Baxıldı : 219

Tarix : 2016-04-01 04:22:00


Bu həftə paytaxta yağan yağış yenidən yolları keçilməz etdi. Əksər küçə və prospektlərdə yağış sularından sonra gölməçələr yarandı. Şəhərin küçələrində bir tərəfdən digərinə keçmək üçün az qala qayıq tələb olunurdu. Hətta son vaxtlar yenidən qurulan əksər küçə və prospektlərdə də eyni vəziyyət yarandı. Baxmayaraq ki, həmin küçələrin təmiri zamanı paytaxt sakinləri problemlərin həll olunacağı ümidi ilə aylarla tıxaclarda qalmışdı.Məsələyə münasibət bildirən əməkdar memar Feyzulla Quliyev deyir ki, paytaxtda yağış sularının axıdılması üçün xətlərin çoxu bərbad haldadır: \ Şəhərdaxili yollar çəkilərkən yağış sularının axması üçün xətlər də nəzərdə tutulmalıdır. Amma paytaxtda buna çox vaxt əməl edilməyib. Əslində yol çəkilərkən mərkəzdən sağ və sol tərəfə doğru əyilməlidir ki, bu da yağış sularının sərbəst axmasına imkan verməlidir. Həmçinin yolun kənarlarında suyun axması üçün yerlər nəzərdə tutulmalıdır. Həmin əraziyə axan sular isə sonradan yağış suları üçün nəzərdə tutulan qıflara toplanılıb yağış sularını qəbul edən sistemlərə ötürülməlidir. Amma son illər bunların çoxu nəzərdə tutulmur. Dəfələrlə bunlar vurğulansa da, əhəmiyyət verən olmayıb. Həmçinin son illər paytaxt və ətraf qəsəbələrdə yüzlərlə bina, minlərlə fərdi ev tikilib. Tikilən həmin binaların da kanalizasiyası köhnə xətlərə birləşdirilib. Mövcud kanalizasiya xətləri Bakının indiki vəziyyəti üçün hesablanmayıb. Problemin aradan qaldırılması üçün paytaxtın kanalizasiya sistemi yenilənməlidir. Amma yağıntı suları məişət kanalizasiya sisteminə axmamalıdır\ .Hüquqşünas Ərşad Hüseynovun qənaətinə görə, yolun həndəsi quruluşu elə olmalıdır ki, ora düşən su ən qısa müddətdə yoldan kənara axa bilsin: \ Bütün dünyada belə bir standart var. Bizim bəxtimiz ona görə gətirib ki, Bakıda Peterburqdakı kimi şaxtalar olmur. Yoxsa Bakı şəhərinin yolları sular səbəbindən hər il darmadağın olar. Digər tərəfdən də yağış suyunun axıdılması üçün kanalizasiya xəttinin olmaması çəkilən yolların tez xarab olmasına gətirib çıxarır. Bakı küçələrindəki yolların dağılmasında yağış sualarının lazımi qaydada axıdılmamasının böyük payı var. Asfaltın da keyfiyyəti standartlara uyğun deyil. Azərbaycanda yol tikintisində özünəməxsus anormal şərait var. Baxmayaraq ki, dövlət bu qədər vəsait ayırır. Yollar tikilərkən, rekonsrtuksiya olunarkən standartları nəzərə alınmayıb, indi isə bunu bərpa etməyə xeyli vəsait lazımdır\ .\ Azəravtoyol\ ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə problemi əksər yollarda yağış barmaqlıqlarının və kanalizasiya kollektorlarının olmaması ilə əlaqələndirib: \ Azəravtoyol\ un balansında olan yol təsərrüfatında yağışla bağlı heç bir problem yoxdur. Biz hər hansı iş görmək üçün yağışın yağmasını gözləmirik. Vaxtaşırı bizim tərəfimizdən yollardakı yağış barmaqlıqları təmizlənir, baxış keçirilir. Amma digər məsələlər, bəzi yerlərdə yollarda suyun yığılması bizə aid olan məsələlər deyil. Bizim işimiz yağış barmaqlıqlarının işinə nəzarətdir. \ Azəravtoyol\ hər hansı ərazidə yolu təmir edərkən bütün aidiyyəti qurumları, yeraltı kommunikasiya xətləri ilə məşğul olan qurumları xəbərdar edir. Müraciət olunur ki, həmin ərazidə kommunikasiya xətlərinin dəyişməsinə ehtiyac varsa, dəyişdirilsin və ya yolun hərəkət hissəsindən kənarlaşdırılsın. Bu işlər yekunlaşandan sonra biz təmir işlərini aparırıq\ . \ Azərsu\ ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da mətbuata açıqlamasında problemin həllinin təmsil etdiyi qurumdan asılı olmadığını bildirib: \ Hazırda paytaxtın küçə və prospektlərinin cəmi 12 faizində yağış sularının axması üçün barmaqlıqlar var. Qalan 88 faiz ərazidə belə barmaqlıqlar yoxdur. Kanalizasiya xətti vətəndaşların evindən, hamamından, idarə və müəssisələrdən çirkab suları daşıyan sistemdir. Amma yağış sularının axması üçün olan xətlər tamam ayrıdır. Lakin bu gün yollarda kanalizasiya sularının daşmasının səbəbi odur ki, yağış sularını oraya yönəldirlər. Yollarda su yığılanda \ luk\ un qapağını açıb yağış sularını oraya yönəldirlər, bu xətlər də o suyun axmasını çatdırmadığı üçün daşır\ .Müstəqil ekspert Rövşən Ağayev isə hesab edir ki, əsas problem idarəolunma ilə bağlıdır: \ İri şəhərlərin mənzil-kommunal sektorunun idarəedilməsi həddindən artıq ciddi məsələdir. Bəlkə də qeyri-peşəkar insanlara elə gələr ki, bu sektorun Bakı Şəhər İcra Hakimiyyətinin, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və ya yerliözünüidaretmə sisteminin idarəçiliyində olması fərq etməz. Əslində isə fərq böyükdür. Çünki bütün dünya ölkələrində mənzil-kommunal sferasının idarəedilməsi çox vaxt yerliözünüidarəetmə institutlarına həvalə olunur. Bakıda indiyə qədər yerliözünüidarəetmə institutu yaradılmayıb. Bunlar tamam fərqli məsələlərdir. Avropa özündə böyük şəhər bələdiyyələri - şəhər meriyası yaradır. Şəhər meriyası indiki icra hakimiyyətindən fərqli vətəndaş institutu hesab olunur. Avropa Şurasına üzv ölkələrin qarşısında qoyulan tələblərdən biri də paytaxtlarda belə bir institutların yaradılmasıdır. Problemi həll etmək üçün birinci növbədə səbəbləri müəyyənləşdirib aradan qaldırmaq lazımdır\ . Xalid AZƏR