Yağışlar sürüşməni artırıb


Baxıldı : 210

Tarix : 2015-11-13 04:17:00


Son günlər ölkə ərazisinə yağan leysan yağışları sürüşmə zonalarında aktivliyi artırıb. Yağıntılarla əlaqədar Bakı və Abşeron rayonlarındakı sürüşmə sahələrində vəziyyət gərginləşib. Hətta yeni sürüşmə ocaqları yaranıb. Məsələyə münasibət bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyir ki, sürüşmə səthində baş vermiş çatlarda müəyyən qədər genişlənmə qeydə alınıb: \ Paytaxtda sürüşmə müşahidə olunan ərazilər Zığ 1, Zığ 2, Əhmədli 1, Əhmədli 2, Masazır, Qaraçuxur, Əhmədli-Günəşli sahələridir. Bu ərazilərdə aktivlik dinamikası müşahidə olunub. Sürüşmə səthində baş vermiş çatlarda müəyyən qədər genişlənmə qeydə alınıb. Əsasən 40-50 mm. enində olan bu çatlar o qədər də qorxulu deyil. Avtovağzal hissəsində olan çatlarda isə bərkitmə-bərpa işləri aparıldığına görə, dinamika müşahidə olunub. Burada çatlar 60 mm. təşkil edir. Bayıl və Badamdar ərazilərində isə aktiv sürüşmə zonaları sabit vəziyyətdədir, orada çatlarda genişlənməyə rast gəlinməyib. Çatların geniş olduğu və vətəndaşlara qorxu yaradacaq hissələrdən insanlar təxliyə olunur, dövlət evləri tamamilə yararsız vəziyyətə düşənləri evlərlə də təmin edir\ . Ə.Piriyevin sözlərinə görə, həftə ərzində sel sularının təsiri nəticəsində Lənkəran-Astara zonasında vəziyyət gərginləşib: \ Lənkəran rayonunda sürüşmə sahələrinin əhatə dairəsi daha geniş olub. Rayonun Gərgivan kəndi ərazisində 20 yerdə, Biləsər kəndində 2 yerdə, Osaküçə kəndində 1 yerdə, Bəliton kəndində 5-6 yerdə, Horavenç kəndində 1 yerdə, Girdəni kəndinin çay dərəsində 4-5 yerdə, Köhnəqəqir kəndində 2 yerdə yeni sürüşmə sahələri yaranıb. Nəticədə bır çox evlərə ziyan dəyib. Noyabrın 7-dən 10-dək yağan yağışlar Azərbaycanın bir çox ərazilərini yararsız vəziyyətə salıb. Bundan sonra da normadan artıq yağış yağsa, həmin ərazilərdə çatlar genişlənə bilər. Odur ki, bunun qarşısını almaq üçün qabaqcadan tədbirlər həyata keçirmək lazımdır\ . Xalid AZƏR