Yalnız sağlam işçinin əməyi məhsuldar və keyfiyyətli ola bilər


Baxıldı : 44

Tarix : 2017-10-14 04:45:01


Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) Bakıda "N" saylı hərbi hissədə keçirdiyi seminar 7 Oktyabr - Layiqli Əmək Gününə həsr olunmuşdu. Tədbirdə giriş sözü söyləyən BHİK sədri Abiyat Ağadadaşova bu əlamətdar günün tarixi və ölkə iqtisadiyyatında əhəmiyyəti barədə məlumat verdi.

Dedi ki, istehsalatı inkişaf etdirmək istəyən hər bir sahibkar işçilərin layiqli əməklə təmin olunmasına çalışmalıdır. Əməyi layiqincə qiymətləndirilən işçi istehsalata daha çox fayda gətirir.

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev layiqli əməyin tərkib hissəsi kimi təhlükəsiz iş şəraitinin yaradılmasının ilkin şərtlərdən biri olduğunu qeyd etdi. Dedi ki, insanların sağlamlığı ən mühüm şərtdir. Yalnız sağlam işçinin əməyi məhsuldar və keyfiyyətli ola bilər. Ona görə də iş yerləri təhlükəsizlik qaydalarına cavab verən ən müasir texniki avadanlıqlarla təchiz edilməlidir. İşçilər arasında əməyin mühafizəsinə dair təlimatlandırma işi müntəzəm aparılmalıdır. Həmkarlar ittifaqları nəzarət etməlidir ki, istehsalatda təhlükəsizlik qaydaları pozulmasın.

Əbülfəz müəllim layiqli əməkhaqqı barədə də fikirlərini açıqladı. Dedi ki, əlbəttə, bütün müəssisələrdə işçilərin yüksək əməkhaqqı almasını demək həqiqətdən uzaq olardı. Amma iqtisadiyyatımız inkişaf etdikcə, bu sahədə də vəziyyət yaxşılığa doğru gedir. İldənilə respublika üzrə orta aylıq əməkhaqqı artır.

Tədbirdə AHİK-in Əməyin Mühafizəsi Şöbəsinin mütəxəssisi Nadir Muradov, Hüquq Şöbəsinin əməyin hüquq müfəttişi Ruslan Bağırov çıxış edərək əməyin mühafizəsinə dair qanunların, qərarların, BƏT-in konvensiyalarının, Avropa Şurasının sosial xartiyasının müvafiq bölmələrinin şərhini verdilər. Sonda dinləyicilərin suallarını cavablandırdılar.