Yanğının söndürülməsi istiqamətində fasiləsiz olaraq tədbirlər davam etdirilir


Baxıldı : 211

Tarix : 2015-12-12 13:04:00


Dekabrın 10-da \ Günəşli\ yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar olaraq yaradılmış işçi qrupunun növbəti iclası keçirilmişdir.İclasda Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşları, SOCAR-ın vitse-prezidentləri Rəfiqə Hüseynzadə, Rəhman Qurbanov, habelə BP şirkətinin vitse-prezidenti Robert Vat və aidiyyəti üzrə mütəxəssislər iştirak etmişlər. İclasda mümkün ekoloji problemlərin və neft dağılmaları ehtimalının hesablanması və qarşısının alınması məsələləri müzakirə olunmuşdur. Bu məqsədlə havadan helikopter və sudan gəmilər vasitəsilə ərazi koordinatlarının müəyyən edilməsi və zəruri tədbirlər görülməsi üçün \ Azərkosmos\ dan ərazinin gündəlik çəkilişlərinin alınmasına qərar verilmişdir. Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədilə su səthinə xüsusi gəmilər vasitəsilə dağılmalara qarşı bonların düzülməsi nəzərdə tutulmuşdur. Keçirilmiş iclasın nəticəsi olaraq işçi qrupun üzvləri qəza yerinə uçaraq, helikopterdən əraziyə baxış keçirmişlər. ***\ Günəşli\ yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar dekabrın 10-da Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilmişdir. Fövqəladə Hallar nazirinin müavinləri və müvafiq struktur bölmə rəislərinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sahil Mühafizə və Aviasiya xidmətlərinin rəislərinin, Dövlət Dəniz Administrasiyasının rəhbər heyəti və mütəxəssislərinin iştirakı ilə keçirilən müşavirədə əsas məqsəd qəza nəticəsində itkin düşən insanların axtarışı işlərindəki effektivliyin artırılması ilə bağlı məsələlərin müzakirəsi olmuşdur. Müşavirənin yekunu olaraq axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin 1 təyyarə və 4 helikopterinin, Dövlət Sərhəd Xidmətinin 6 helikopteri və 7 gəmisinin, habelə sahilboyu müşahidə işləri aparan FHN-in Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətindən əlavə qüvvələrin cəlb olunması qərara alınmışdır. Həmçinin Xəzər dənizində üzən gəmilərə Dövlət Dəniz Administrasiyası vasitəsilə üzdükləri ərazilərdə müşahidə-axtarış işlərinin gücləndirilməsi ilə bağlı bir daha müraciət edilməsi qərara alınmışdır.