Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinə yekun vurulub


Baxıldı : 78

Tarix : 2019-09-06 18:50:32


Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri Həmkarlar İttifaqının dəstəyi və Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə keçirilən yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin final yarışına yekun vurulub.

Birincilik FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin peşə və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də yanğın-xilasetmə idmanının nazirliyin əməkdaşları arasında daha da populyarlaşdırılması, gənclər arasında təbliği məqsədilə təşkil edilib.

Yanğınsöndürən və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası tərəfindən təsdiq olunmuş “Yanğın-xilasetmə idmanının Qaydaları”na uyğun olaraq keçirilən respublika birinciliyində 14 komanda iştirak edib. Komandalar yanğınların söndürülməsində tətbiq edilən müxtəlif döyüş hərəkətləri kompleksindən ibarət olan hücum nərdivanı ilə təlim qülləsinin 4-cü mərtəbəsinə qalxmaq, 100 metrlik maneəli zolağı dəf etmək və döyüş açılışını yerinə yetirməklə güclərini sınayıb.

Döyüş açılışı üzrə mübarizədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 1-ci komandası birinci, Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi ikinci, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 2-ci komandası isə üçüncü yerə çıxıb.

Hücum nərdivanı ilə təlim qülləsinin 4-cü mərtəbəsinə qalxmaq növü üzrə yarışda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları Asəf İbrahimov 1-ci,  Tural Həzrətquliyev isə 2-ci yerə layiq görülüblər. Nəsimi  Rayon Dövlət Yanğından Mühafizə Hissəsinini əməkdaşı Seymur Məmmədov isə 3-cü yerlə kifayətlənib.

100 metrlik maneəli zolağı dəfetmə növü üzrə yarışın qalibi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Asəf İbrahimov olub. Nərimanov Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı Qalib Talıblı ikinci, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı  Rövşən Heydərov isə üçüncü yeri tutublar.

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin komanda üzrə qalibi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 1-ci komandası olub. Sonrakı yerləri müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 2-ci komandası və Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi bölüşüblər.

Qaliblər FHN İşçiləri Həmkarlar İttifaqı və Dövlət Yanğından Mühafizə Xidməti  tərəfindən mükafatlandırılıblar.