Yanvarın ...


Baxıldı : 208

Tarix : 2016-01-30 06:34:00


Yanvarın 26-da \ Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı\ nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda giriş nitqi söyləyib. Dövlət başçısı bildirib ki, bu gün biz \ Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı\ nın icrasını müzakirə edəcəyik. Üçüncü Proqram 2014-cü ildə qəbul edilmişdir və uğurla icra olunur. 2015-ci ildə dünyada iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq, Azərbaycanda bir çox məsələlər öz həllini tapmışdır. İlin əvvəlində nəzərdə tutduğumuz bütün vəzifələr icra edilmişdir. O qədər də asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alsaq, əlbəttə ki, bu, bizim böyük uğurumuzdur. Hesab edirəm ki, Azərbaycan 2015-ci ildə də bütün istiqamətlər üzrə uğurlu inkişaf dinamikasını saxlaya bilmişdir. Bizim beynəlxalq nüfuzumuz böyük dərəcədə artmışdır. Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, təmin edilir. Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir. Ölkə başçısı deyib ki, keçən il bizim iqtisadi inkişafımız təmin edilmişdir. Baxmayaraq ki, əvvəlki illərlə müqayisədə ümumi daxili məhsulun artması o qədər də böyük rəqəmlərlə ölçülmür, cəmi 1,1 faiz artmışdır. Ancaq indiki vəziyyətdə neftin qiymətinin dörd dəfə düşməsini nəzərə alaraq hesab edirəm ki, bu, müsbət nəticədir. 2015-ci il enerji sektorunda yaddaqalan il olmuşdur. \ Cənub\ qaz dəhlizinin icrası istiqamətində çox önəmli addımlar atılmışdır. Nəqliyyat infrastrukturuna qoyulan sərmayə nəticəsində Azərbaycan özünü dünyaya çox güclü tranzit ölkəsi kimi təqdim edə bilmişdir. Bu gün Şərqdən Qərbə, Şimaldan Cənuba gedən yollar Azərbaycandan keçir. Eyni zamanda biz tarixdə ilk dəfə bu tarixi \ İpək Yolu\ nu bərpa edirik. Bununla bərabər, ilk dəfə olaraq Avropadan Asiyaya, yəni Ukraynadan Çinə yüklər Azərbaycan ərazisindən getməyə başlamışdır. 2015-ci ildə bütün sosial proqramlar icra edilmişdir. Bir daha demək istəyirəm, baxmayaraq ki, bu il də bizim maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək. Əksinə, bildiyiniz kimi, bu il maaşlar, pensiyalar, sosial müavinətlər qaldırılmışdır. Bu da bizim sosial siyasətimizin əsasını təşkil edir.Neftin qiymətinin dörd dəfə aşağı düşməsi və qonşu ölkələrdə milli valyutaların 100 faizdən çox aşağı düşməsi imkan vermədi ki, biz manatın məzənnəsini istədiyimiz səviyyədə saxlaya bilək.2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır. Artıq müvafiq qərarlar qəbul edilmiş, qanunvericiliyə dəyişikliklər olunmuşdur. Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, biz bunu birgə səylərlə təmin edəcəyik.Demək istəyirəm ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir. Bu illər ərzində ölkəmiz sürətlə inkişaf edib. Biz infrastruktur layihələrini icra etmişik. Azərbaycan bu illər ərzində dünyada multikulturalizmin inkişafına çox böyük töhfələr vermişdir. Təsadüfi deyil ki, bu il Bakıda Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcəkdir. Prezident İlham Əliyev yekun nitqində bildirib ki, bu gün daha çox sahibkarlara şərait yaradıldı ki, onlar öz sözlərini desinlər. Həm görülmüş işlərlə bağlı məlumat versinlər, eyni zamanda onları narahat edən problemlər də müzakirə mövzusuna çevrilsin. Sahibkarlığın inkişafı üçün çox işlər görülübdür. Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Ancaq yeni dövr, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Ona görə indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir. Mən artıq müvafiq dövlət qurumlarına göstəriş vermişəm. Ancaq çox istəyirəm ki, yerlərdən sahibkarlar özləri də o problemləri dilə gətirsinlər, ortaya qoysunlar ki, onlar tezliklə öz həllini tapsın.Ölkə başçısı deyib ki, bu il regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələri icra edilməlidir. Yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki, qeyd etdiyim kimi, bəzi iş yerləri bağlanır. Son 12 il ərzində 1 milyon 500 min iş yeri yaradılmışdır. Onlardan 1 milyonu daimi iş yeridir. Ancaq bu illər ərzində Azərbaycanın əhalisi də artmışdır. İndiki şəraiti nəzərə alaraq hesab edirəm ki, sahibkarlar da yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görə bilərlər. Mənə verilən məlumata görə, son 12 il ərzində Azərbaycanda 70 mindən çox müəssisə yaradılmışdır və ümumiyyətlə, müəssisələrin sayı 100 minə yaxındır. Onların içində, əlbəttə ki, böyük və kiçik müəssisələr var. Ancaq hesab edirəm ki, əgər iş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərdən yanaşsalar və işsiz qalan insanları işə götürsələr, yaxud da ki, ixtisar etmək istədikləri insanları ixtisar etməsələr onlar ümumi işimizə töhfə verərlər. Çünki bu, sosial məsuliyyətdir. Bu, bizim ümumi işimizdir. Bununla bərabər, artıq mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan dövlət şirkətlərinə tapşırıq vermişəm ki, birgə işləsinlər. Məşğulluq idarələrinə müraciət edən insanları işlə təmin etmək üçün dövlət şirkətlərində yeni vakansiyalar açılmalıdır. Əlbəttə, bir daha demək istəyirəm ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bu prinsipdən dönməyəcəyik. Hamımız yaxşı başa düşürük ki, bazar özü hər şeyi tənzimləməlidir, bu və digər şirkətdə nə qədər insan işləməlidir, nə qədər məhsul istehsal edilməlidir. Ancaq hesab edirəm ki, müvəqqəti, yaxud da ki, daimi iş yerlərinin açılması prosesi mütləq başlamalıdır. Prezident vurğulayıb ki, biz mütləq daxili bazarımızı, yerli istehsalı qorumalıyıq, bununla bərabər, inhisarçılığa yol verməməliyik. Bu da çox ciddi məsələdir. Çünki, əlbəttə, mən çox istəyirəm ki, Azərbaycan məhsulları daha da çox istehsal olunsun, biz idxaldan asılılığı daha da azaldaq, iş yerləri yaradılsın, ixrac qabiliyyətli məhsullar istehsal edək. Ancaq bununla bərabər, əgər biz idxal mallarına süni əngəllər qoysaq, bu zaman rəqabət olmayacaq. Amma rəqabət əsasdır. Hər bir ölkənin inkişafı üçün azad, ədalətli, sərbəst rəqabət əsas şərtdir. Ona görə burada iki amil nəzərə alınmalıdır. Həm qiymətlərin tənzimlənməsi, bütün süni maneələr, idxal qarşısında duran maneələr aradan götürülməlidir, eyni zamanda daxili istehsal qorunmalıdır. Azərbaycanda rəqabətqabiliyyətli məhsulu istehsal edən, bunu dünya bazarına çıxaran sahibkarlara dövlət tərəfindən güzəştlər edilməlidir. Mən artıq bəyan etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı icra ediləcəkdir. Sonra ölkə başçısı özümüzü qeyri-qida məhsulları ilə təminetmə imkanlarımız haqqında bir neçə rəqəmi iştirakçıların nəzərinə çatdırıb. Deyib ki, bu, həm görülən işləri əks etdirir, həm də sahibkarlara, icra başçılarına, dövlət qurumlarının nümayəndələrinə bir növ yol xəritəsi olacaqdır - harada boşluqlar var və hansı işlər görülməlidir.Keçən il Azərbaycanda \ Kənd təsərrüfatı ili\ idi. Kənd təsərrüfatı 6,6 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir. Məhsuldarlıq artmışdır, xüsusilə taxılçılıqda. İri fermer təsərrüfatlarının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək. İslahatlar daha da dərinləşməlidir. Torpaq fondunun dəqiq uçotu aparılmalıdır. Heyvandarlığın inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi yeni təkliflər irəli sürübdür. Bitkiçilikdə böyük inkişaf var. Hesab edirəm ki, biz pambıqçılıqla daha ciddi məşğul olmalıyıq. Çünki bu, həm insanları işə cəlb edir, - pambıq tarlalarında çox insan işləyəcək, maaş alacaqdır, - eyni zamanda bu, valyuta gətirən məhsuldur. Çay, tütün. Biz bu sahələri canlandırmalıyıq.Sonra dövlət başçısı əsas ərzaq məhsulları üzrə özünü təminetmə və maya dəyərində idxaldan asılılıq səviyyəsinə dair məlumat səsləndirib. Prezident bildirib ki, turizmin inkişafı daha sürətlə getməlidir. Nə qədər çox turist gəlsə, Azərbaycanı o qədər də çox adam tanıyacaq və turistlər ölkəmizə valyuta gətirəcəklər. İstehlak qiymətlərinə nəzarət daim olmalıdır. Süni bahalaşmaya qarşı mübarizə aparılır və aparılacaq, cəza tədbirləri görülür. Korrupsiyaya və rüşvətxorluğa qarsı mübarizə gedir, öz bəhrəsini verir. Mən həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən də Prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib və biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq.Dövlət qurumları. Burada bəzi çıxışlarda səsləndi - indi Azərbaycanda yerli istehsal nə qədər inkişaf edir, o cümlədən mebel istehsalı. Ancaq bizim dövlət idarələrində yerli mebeldən istifadə edirlərmi? Yox. Hər bir kiçik məmur istəyir ki, onun kabinetində xarici mebel olsun. Nə üçün? Bu, nə ədabazlıqdır. Buna son qoyulmalıdır! Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır. Bütün təftiş edən orqanlar - Hesablama Palatası, Maliyyə Nazirliyi və digər orqanlar nəzarət etməlidirlər.Təkcə mebeldən söhbət getmir. Digər mal, materiallar alınanda da nədənsə bizdə xarici mallara üstünlük verilir. Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Yəni hökumət bu sahəyə çox ciddi diqqət verməlidir. Harada ki, pozuntular var dərhal mənə məlumat verilməlidir və ölçülər götürüləcək.Sahibkarlar ölkə iqtisadiyyatına daha çox vəsait qoysunlar. Mən bilirəm, indi Azərbaycan sahibkarları xaricə də investisiya qoyurlar. Mən özüm də həmişə bunun tərəfdarı olmuşam, istəyirdim ki, bizim firmalar dünya bazarlarına çıxsınlar, onları tanısınlar. Ancaq indiki şəraitdə sahibkarların əsas vəsaiti Azərbaycana qoyulmalıdır. Sahibkarlar, əlbəttə, məsuliyyətli olmalıdırlar, vergiləri tam ödəməlidirlər. Mən dəfələrlə demişəm, elə işləməliyik ki, sanki bizdə neft-qaz resursları yoxdur. Əslində indi neftin qiyməti belə vəziyyətə gətirib çıxarıb ki, elə bil doğrudan da belədir. Ancaq neftin qiyməti dörd dəfə aşağı düşdü və biz artıq bu gün postneft dövründə yaşayırıq. Biz qısa zaman çərçivəsində bu işləri görürük ki, insanlar bunu hiss etməsinlər. Ona görə bundan sonra islahat, şəffaflıq, məsuliyyət, qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsulların istehsalı, idxaldan asılılığın azaldılması - bütün bu amillər bizim dayanıqlı inkişafımızı təmin edəcək. Mən əminəm ki, Azərbaycan 2016-cı ildə və bundan sonrakı illərdə də uğurla inkişaf edəcəkdir. Biz müstəqillik yolu ilə, inkişaf yolu ilə gedirik. Bu yolda sizə və bütün Azərbaycan xalqına uğurlar arzulayıram. Sağ olun.