Yaponiyanın miqrant işçilərə ehtiyacı var


Baxıldı : 89

Tarix : 2017-05-13 02:28:09


Yaponiyada son illərdə miqrantların artımı müşahidə olunur. Keçən il ölkəyə gələn miqrant işçilərin sayı bir milyonu keçib. Bununla belə, əmək qanunlarının həyata keçirilməməsi, miqrantların təhsil və inteqrasiyası üçün yetərli səy göstərilməməsi bu yöndə problemlər yaradır. "AİCHİ" Həmkarlar İttifaqları Konfederasiyasının katibi Saici Kurematsu məsələyə münasibət bildirərkən deyib ki, hazırda ölkədə personal sıxıntısı var və miqrantların buraya axınına ehtiyac yaranıb: "Naqoya və digər sənaye bölgələrində fabriklərin sayının çox olması, "Toyota" avtomobil şirkətinin də burada yerləşməsi xarici işçilərin bura diqqətini artırır.

2011-ci ildəki zəlzələdən sonra xüsusən tikinti və digər sənaye sektorlarında işçi qüvvəsinə ehtiyac duyulur. Bu ehtiyacın miqrantlar tərəfindən ödənilməsindəki digər faktor da ölkə əhalisinin orta yaşlılıq səviyyəsinin artması və 2010-2015-ci illərdə əhalinin sayının 1 milyona yaxın azalmasdır. Lakin miqrant axınını davamlı etmək üçün hələ də müəyyən işlər görülməlidir. Bir çox sahələrdə miqrantlar minimum əməkhaqqı alaraq çalışmağa məcbur edilir. Tekstil sektorunda həftəlik iş planından artıq işə cəlb olunma halları ilə bağlı şikayətlər gəlməkdədir. Dil dəstəyinin təşkil olunmaması, əməyin qiymətləndirilməsində ayrı-seçkilik və digər problemlər miqrant axınına mane olan amillərdir və hökumət buna qarşı ciddi addım atmalıdır.

Cavid Səfərov