Yaradılan şəraitdən yararlanmağı bacarmalıyıq


Baxıldı : 62

Tarix : 2017-09-30 00:08:59


Sentyabrın 28-də Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının IV qurultayı keçirildi. Hesabat məruzəsi ilə Respublika Komitəsinin sədri Məhərrəm Xəlilov çıxış etdi.

Dedi ki, hesabat dövründə biz bələdiyyə işçilərinin sosial-iqtisadi hüquqlarının qorunması və sosial rifahının yüksəldilməsi istiqamətində müəyyən işlər görməyə çalışmışıq.

Həmkarlar ittifaqı təşkilatları ilə bələdiyyələr arasında kollektiv müqavilələrin bağlanmasına əməli kömək göstərmək məqsədilə mütəmadi olaraq tövsiyələr hazırlanıb yerlərə çatdırılmışdır.

Bağlanmış kollektiv müqavilələrdə işçilərin əməkhaqqının artırılması, əmək və sağlamlıqlarının qorunması, istirahətlərinin təşkili və digər məsələlər əsas yer tutmuşdur. Təbii ki, kollektiv müqavilələrin bağlanması ilə yanaşı, onun icra olunması məsələləri də diqqətdə saxlanılmış, bu sahədə görülən işlər ittifaqın seçkili orqanlarında vaxtaşırı müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir. Bildirməliyəm ki, kollektiv müqavilələrin bağlanması və icrası heç də bütün üzv təşkilatlarımızda dəqiq və vaxtında həyata keçirilməyib. Təəssüf ki, həmkarlar ittifaqı komitələri də bu laqeydliyə qarşı öz kəsərli münasibətini bildirməyib. Belə təşkilatlarda kollektiv müqavilələr işçilərin rəy və təklifləri nəzərə alınmadan, şərtləri müzakirə edilmədən tərtib olunub.

Hesabat dövründə ittifaqımız işçilərin əmək şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması, istirahətlərinin təşkili, mədəni-kütləvi və bayram tədbirlərinin keçirilməsi istiqamətində müəyyən işlər görə bilmişdir. Kurort, sanatoriya və istirahət evlərinə yollayış alınaraq həmkarlar ittifaqı üzvlərinə qismən dəyəri ödənilməklə  verilmişdir.

Məruzədə təəssüflə qeyd olundu ki, yerli özünüidarəetmə orqanlarında işçilərin əməkhaqqı respublika üzrə orta aylıq əməkhaqqından 2-3 dəfə azdır. İşçilərin əməkhaqlarının vaxtında ödənilməməsi halları var. Nizamnamədə müəyyən olunmuş qaydada üzvlük haqlarının yığılmasında çətinliklərlə üzləşirik. Kifayət qədər maddi vəsaitimiz olmadığına görə işimizin təşkilində böyük çətinliklər yaranır. Bunu nəzərə alan AHİK hesabat dövründə bizə həm mənəvi, həm də maliyyə dəstəyi göstərib. Biz növbəti beş ildə maliyyə imkanlarımızı artırmaq üçün fəaliyyətimizi gücləndirməliyik.

Məruzə ətrafında çıxışlarda da uğurlarla yanaşı nöqsanlara geniş yer verildi.

Məruzəçi çıxışının sonunda dedi: “Xidmətimizdə olan həmkarlar ittifaqı təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqlarında hörmətli Səttar Möhbalıyevin AHİK-in V qurultayında yenidən sədr seçilməsi barədə təkliflər verilmiş və qərarlar qəbul olunmuşdur”.

AHİK sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək dedi:

"Hamımıza yaxşı məlumdur ki, həmkarlar ittifaqlarına ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Dünya ölkələri içərisində həmkarlar ittifaqlarının fəaliyyəti üçün Azərbaycan qədər demokratik və hüquqi təminatları olan ikinci dövlət tapmaq çətindir. Təəssüf ki, sizin təşkilat bu şəraitdən kifayət qədər yararlanmağı bacarmır. Hesabat məruzəsində və çıxışlarda vurğulandığı kimi, yerli təşkilatlarda üzvlərin sayca azalması prosesi gedir. Üzvlük haqları kəsirlə yığılır. Kollektiv müqavilələrin bağlanmasına, icrasına nəzarət zəifdir.

Konfederasiya tərəfindən sizə hər cür şərait yaradılıb. Sanatoriya və istirahət mərkəzlərinə kifayət qədər yollayış ayrılır.

Maliyyə və digər çətinliklərinizin aradan qaldırılması ilə bağlı müraciətləriniz cavabsız qalmır.

Yəqin ki, yeni formalaşdırılacaq komitə burada söylənilən problemlərin aradan qaldırılması üçün potensialından maksimum istifadə edəcək.

Açıq səsvermə nəticəsində Məhərrəm Xəlilov yenidən Respublika Komitəsinin sədri seçildi.

Əhəd İBADOV