Yararlılıq müddəti çox olan dondurma alınmamalıdır


Baxıldı : 108

Tarix : 2017-05-13 02:46:07


Yayın ən sevimli qidalarından biri olan dondurma faydalı olduğu qədər də təhlükəlidir. Çünki dondurmanın həm istehsal, həm də saxlanma prosesi müəyyən standartlara uyğun olmalıdır.

Bəs, görəsən, mağazalarda satılan dondurmalar alıcıları qane edirmi?

Mövzu ilə bağlı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov qəzetimizə müsahibə verdi. O dedi ki, dondurma elə qida növüdür ki, onu ilin bütün fəslində yemək olar. Ancaq, təəssüf ki, Azərbaycanda istehsal olunan və marketlərimizdə satılan dondurmalar, demək olar ki, buzdan ibarətdir: "Bizdə istehsal olunan dondurmaların tərkibi süni maddələrlə doludur. Ona görə də əksəriyyətimiz dondurma yedikdən sonra xəstəliklə, xüsusən də boğaz ağrısı ilə üzləşirik. Rusiyada ilin bütün fəslində dondurma yeyilir. Ancaq bizdə çox az adam olar ki, qış fəslində dondurma yesin. Bunun da səbəbi hazırlanan dondurmaların tərkibinin çox hissəsinin sudan ibarət olmasıdır, su da donarkən buza çevrildiyi üçün bu qədər fəsadlar baş verir".

Digər bir problem isə, dondurmaların yararlılıq müddətinin bir il, bəzən iki il kimi uzun müddətə göstərilməsidir. T.Zeynalov bildirdi ki, dondurma alarkən istifadə müddəti daha az  olanlara üstünlük verilməlidir, yararlılıq müddəti çox olan dondurmalardan imtina etmək lazımdır. Bu cür dondurmalar digərləri ilə müqayisədə daha keyfiyyətlidir. Üstündə heç bir yararlılığı olmayan dondurmalar isə alınmamalıdır: "Uzunmüddətli saxlama tarixi olan dondurmanın tərkibinə kimyəvi amillər, inqridientlər də əlavə olunur. Bu cür məhsulun tərkibi araşdırılmalı, istifadə olunan maddələrin üzərində yazılıb-yazılmamasına diqqət etmək lazımdır. Kənd Təsərrüfatı Nazirliyi yaxşı olardı ki, bu cür hallara nəzarət etsin, laboratoriyalar, avadanlıqlar və ən əsas da xammal yoxlanılsın.

 Dondurmanın hazırlandığı texnologiyaya, onun hansı dərəcədə saxlanılmasına fikir vermək lazımdır. Ümumiyyətlə, dondurma alarkən yaxşı olar ki, uyğunluq sertifikatı tələb edilsin. Eyni zamanda bu cür qidalar mənfi 10 dərəcəyədək temperaturda saxlanılmalıdır. Və istifadə müddəti ən çox 20 gün olan dondurmanı almaq lazımdır".

Dondurmaların tərkibindən danışan ekspert qeyd etdi ki, bu qidanın hazırlanması üçün əsas istifadə olunan qida yağ və süddür. Məhsulun hazırlanmasında bitki və digər yağlardan, quru süddən istifadə etmək olmaz.

T.Zeynalov onu da bildirdi ki, dondurmaların üzərində Azərbaycan istehsalı yazılsa da, əslində xammal xaricdən gətirilir. Sadəcə olaraq, qablaşdırma ölkəmizdə həyata keçirilir və satışa çıxarılır.

Aliyə SƏMƏDOVA