Yararsız ət istehlakçılara təhlükə yaradır


Baxıldı : 173

Tarix : 2016-01-23 11:20:00


İlin əvvəlindən indiyədək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin sağlamlığı üçün təhlükə yarada biləcək 10 tona yaxın əti zərərsizləşdirib. Öncə Aşağı Güzdək qəsəbəsində 4 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlandı. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Şərq massivində yerləşən \ Zirvə\ kolbasa məmulatları sexində reyd zamanı mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran, haradan alınması və sağlamlığı barədə baytarlıq arayışı olmayan 675 kq. toyuq farşı, 200 kq. heyvan mənşəli farş, 450 kq. toyuq filesi, 120 kq. toyuq budu, 780 kq. sümüksüz toyuq əti, 450 kq. qarışıq toyuq əti, 49 kq. toyuq qanadı aşkar olunub.Bu ətlərin kolbasa sexində aşkarlanması isə həmin ətlərin kolbasa sexlərinə verilməsi və mağazalarda satılan 2-3 manatlıq kolbasaların məhz bu ətdən hazırlanması ehtimal edilir. Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun qənaətinə görə, aşkarlanan yararsız ətlərin hara gətirilməsinin açıqlanması vacibdir: \ Açıqlanan rəsmi məlumatlara görə, reydlər zamanı ələ keçirilən ətlər Bakıya regionlardan gətirilir. Demək, öncədən bu ətlərin hara veriləcəyi həmin əti gətirənlərə məlum olur. Bir müddət əvvəl ölkə başçısının sahibkarlara qarşı yoxlamaların dayandırılması ilə bağlı göstərişi əslində xoşniyyətli addımdır. Amma bəzi sahibkarlar da bundan sui-istifadə etməyə başlayıblar. Bu halların qarşısı alınmasa, ölkədə sürətlə epidemiyalar yayıla bilər. Hazırda da marketlərdə elə kolbasalar var ki, devalvasiyadan sonra qiymətləri 2-3 manatdır. Bu cür məhsulların üzərində istehsal tarixi, istehsal yeri və tərkibi göstərilmir. Böyük marketlərdə belə satışı həyata keçirilən bəzi kolbasa və sosiska məhsullarının üzərində istehsal tarixi doğru şəkildə göstərilmir. Bu da istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır\ .Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşı Yolçu Xanvəli deyir ki, bu istiqamətdə mütəmadi olaraq reydlər keçirilir: \ Ölkə ərazisində epizotoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində tədbirlər davam etdirilir. Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı bundan sonra da qətiyyətlə alınacaq. Belə qanunsuz işlə məşğul olan hüquqi və fiziki şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək\ .Xalid AZƏR