Yarmarkalar tələbatı ödəyirmi?


Baxıldı : 163

Tarix : 2017-03-15 23:53:22


Novruz bayramı ilə əlaqədar paytaxtın müxtəlif yerlərində yarmarkalar təşkil olunmağa başlayıb. Bu yarmarkalar şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının ödənilməsi və süni qiymət artımının qarşısının alınması məqsədilə keçirilir. 

Bu sözləri Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev dedi. O qeyd etdi ki, yarmarkaların mütəşəkkil keçirilməsi üçün artıq işçi qrupları yaradılıb. Onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edirlər. Yarmarkaların sayının artırılması nəzərdə tutulur.

Bəs burada qiymətlər bazar qiymətlərindən nə qədər aşağıdır? Vətəndaşların ərzağa olan tələbatı tam ödənilirmi? Yarmarkalarda bir sıra məhsulların, xüsusən də qoz-findıq ləpəsinin qıtlığı nə ilə əlaqədardır?

Qiymətləri öyrənmək üçün ilk üz tutduğumuz məkan Xətai  rayonu, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarka oldu. Burada təmizlənmiş fındıq ləpəsi 12-16 manata, qoz ləpəsi isə 15-28 manata satılır. Badam 17-22, şabalıd 5-9, püstə 18-22 manatdır. Qabıqlı fındıq və qozun qiyməti isə 5 manatdan başlayır. Qiymətlər keyfiyyətinə görə dəyişsə də, bazar ilə fərq o dərəcədə hiss olunmur. Satıcıların sözlərinə görə, satdıqları məhsullar əsasən Zaqatala, Şəki, Ordubad və Ukraynadan gətirilir. Dolların manat qarşılığında artımı xaricdən gətirilən çərəzlərın qiymətinə təsir göstərib. Bu həmçinin yerli bazara da təsirsiz ötüşməyib. Qiymət artımına digər səbəb isə mövsümlə bağlı olur. Soyuducu anbarların kifayət qədər olmaması da bu amilə rəvac verir. Yerli məhsullar tükəndiyindən xarici məhsullara tələbat artır.

Mövzuya münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, qiyməti bazar tənzimləyir. Güman etmirəm kimsə azad bazar iqtisadiyyatı şəraitində 24 manata satdığı qoz ləpəsini aparıb yarmarkada 12 manata dəyərləndirsin.

E.Hüseynov vurğuladı ki,  ancaq hökumət öz imkanlarından istifadə edib qiyməti aşağı sala bilər, məsələn, gömrük rüsumlarını, vergiləri azalda bilər ki, aztəminatlı ailələrin də Novruz süfrəsi bol- bərəkətli olsun.

 Məsələn, əgər dövlətə məxsus bir kolxoz olsa, oradan gətiriləcək mal ətinin qiymətini aşağı satmaq mümkündür. Yox, kimsə rayonda heyvanı kəsib 8-10 manata satırsa, həmin ət paytaxtda ucuz qiymətə necə satılar? Bu, bazar iqtisadiyyatına zidd bir addımdır. Bir neçə gün öncə "3-cü mikrorayon" deyilən bazarda monitorinq apardıq. Orada mal ətinin qiyməti  4 manata idi. Maraqlananda məlum oldu ki, həmin qiymətə satılan ət heyvanın baş ətidir. Daha sonra bizə bildirirlər ki, ucuz satılan qoz-fındıq ləpələrindən acı tam gəlir. Bu isə o deməkdir ki, aşağı qiymətə satılan məhsulun keyfiyyəti də ürəkaçan olmur.

Əsli ƏHMƏDOVA