Yarmarkalarda qiymət qənaətbəxşdirmi?


Baxıldı : 32

Tarix : 2018-09-08 03:10:23


Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Övladlarını məktəbə yola salmağa hazırlaşan valideynlər artıq məktəb ləvazimatları almağa başlayıblar. Bununla bağlı paytaxtın bəzi yerlərində, xüsusilə də metro çıxışlarında məktəbli yarmarkaları təşkil olunub. Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil olunan bu yarmarkalarda bir məktəbliyə lazım olan hər şeyi, demək olar ki, əldə etmək mümkündür.

Bəs, görəsən, bu yarmarkalarla paytaxtın digər yerlərində yerləşən mağazalar arasında qiymət fərqi varmı?

Bunu öyrənmək üçün şəhərdəki yarmarkaların bir neçəsinə gedərək araşdırma apardıq. Və gördük ki, yarmarkalarda olan qiymətlər şəhərdə olan adi mağazalardan heç də fərqlənmir. Bunu yarmarkaya gələn valideynlər də təsdiq etdilər. Valideynin biri dedi ki, “Gənclik Mall” da yerləşən mağazaların birində soruşduğu 1 manat 40 qəpiklik dəftərin eynisi yarmarkada 2 manatdır. Söhbətə qoşulan digər valideynlər mağazaları baha hesab edib yarmarkalara üz tutduqlarını, bəzi malların burada daha yuxarı qiymətə satıldığını söylədilər.

Məsələni araşdırmaq üçün Bakı Şəhər Ticarət və Xidmət Departamenti ilə əlaqə saxlasaq da, təəssüf ki, sorğumuza heç kim aydınlıq gətirmədi.

Təhsil üzrə ekpert Kamran Əsədov və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qarşılaşdığımız məqamla bağlı məsələləri cavablandırdılar.

K.Əsədov bildirdi ki, məhsulların qiyməti daha çox mövsümə uyğun olaraq müəyyənləşir: “Yəni əslində maya dəyəri həqiqi qiymətindən dəfələrlə aşağı olan məhsulların qiyməti, misal üçün, bayram mövsümündə, yaxud yeni tədris ilində kəskin şəkildə artır. Əlbəttə, burada bəzi məqamlar var. Birincisi, gətirilən məhsulun keyfiyyət göstəricisi. Bəzi yerlərdə ucuz olan məktəb ləvazimatları Çindən və ya aşağı keyfiyyətli məhsul istehsal edən digər ölkələrdən ikinci, üçüncü əl olaraq gətirilir. Amma müəyyən yerlərdə, belə deyək, “bahalı mağaza” adlandırdığımız mağazalarda olan mallar isə brend markalar hesab olunur. Hazırda məktəb ləvazimatlarında da yerli məsullarımıza  rast gəlirik. Yerli məhsullar bu vaxta qədər digərləri ilə müqayisədə keyfiyyət baxımından müəyyən qədər problem yaradırdısa, ancaq son iki il ərzində heç də xaricdən gətirilənlərdən geri qalmır. Sadəcə, qeyd etmək istəyirəm ki, əgər həmin satış məntəqəsi Bakının mərkəzindədirsə və onun icarə qiymətləri yüksəkdirsə, təbii ki, məhsulun qiyməti də baha olacaq. Əgər digərləri mərkəzdən kənarda yerləşən satış məntəqələrindədirsə, o zaman müəyyən qədər qiymətlər aşağı olmalıdır. Ancaq qiymətlərin digər mağazalarla müqayisədə daha münasib olması məqsədilə açılan yarmarkalarda baha olması artıq bizi düşünməyə vadar edir. Hesab edirəm ki, bununla bağlı monitorinqlər təşkil olunmalıdır”.

Qiymətlərə nəzarət olunurmu sualını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dedi ki,  burda nəzarətdən danışmaq olmaz: “Azad, liberal bazar iqtisadiyyatı şəraitində istənilən kəs malına istənilən qiyməti qoya bilər, bu şərtlə ki, dövlət tərəfindən tənzimlənməyən qiymətlər olsun. Məktəb ləvazimatları dövlət tərəfindən tənzimlənməyən qiymətlərdir. Ona görə də istənilən qiymətə satıla bilər. Ancaq bir məqamda sizinlə razıyam ki, bu cür yarmarkalar əhalinin həmin məhsulları digər mağazalardan daha münasib qiymətə əldə edə bilmələri üçün təşkil olunur. Lakin görürük ki, burda da heç bir qiymət fərqi yoxdur. Hətta bəzi məhsullar daha bahadır. Buradan da məlum olur ki, təşkil olunan yarmarkalar saxta və yalançı xidmətlə məşğuldurlar. Bu əslində əhalini cəlb edərək məhsulu bahalı qiymətə istehlakçıya sırımaq üçün atılan addımdır”.

Aliyə SƏMƏDOVA