Yaşayış kompleksinin tikintisinə başlanılıb


Baxıldı : 122

Tarix : 2017-12-27 18:55:13


Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) İdarə Heyətinin iclası keçirilib.

İclasda Rəyasət Heyətinin İşlər İdarəsinin müdiri Fətəli Abdullayev çıxış edib. Qeyd edib ki, Xızıda 1705 h., Ağsuda 160 h., Kürdəmirdə 132 h. və Abşeronda 35 h. zəbt olunmuş torpaq geri alınaraq sənədləşdirilib. Alim Abşeron rayon Saray qəsəbəsində 7 h. torpaqda AMEA əməkdaşları üçün kooperativ "Science City" yaşayış kompleksinin tikintisinə başlanıldığını söyləyib. Kompleksin AMEA-nın son illərdə ən uğurlu layihələrindən biri olduğunu deyən F.Abdullayev ilkin olaraq 2 blokun, ümumilikdə isə 18 blokda 2 minə yaxın mənzilin istifadəyə veriləcəyini deyib. Bildirib ki, kompleksdə 200 nəfərlik uşaq bağçasının və 1000-ə yaxın şagird üçün məktəb binasının inşası da nəzərdə tutulub: "Tikinti işləri 1,5 ilə başa çatmalı, 2 ilə bütün kommunikasiya xətləri ilə təmin edilməli, 2,3 ilə isə mənzillərin kupçaları təqdim edilməlidir".

O, layihənin sırf AMEA əməkdaşları üçün nəzərdə tutulduğunu, "Science City" yaşayış kompleksinin İşlər İdarəsi, Azad Həmkarlar İttifaqının (AHİ) və tikinti şirkətinin sıx nəzarətində tikiləcəyini diqqətə çatdırıb.

F.Abdullayev  dedi ki, tezliklə kompleksin təməlatma mərasimi keçiriləcək.

Sonra AHİ-nin sədri Habil Qurbanov çıxış edərək şəhərciyin AMEA əməkdaşlarının ödənişləri hesabına tikiləcəyini, nəqliyyat və digər zəruri infrastrukturlarla təmin ediləcəyini deyib.

Bundan əlavə, AHİ sədri növbəti il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə respublikanın gənc alimlərinin iştirakı ilə müsabiqənin keçiriləcəyini, qaliblərin pul mükafatı ilə təltif olunacağını vurğulayıb.

 Bəyalı RZAYEV