Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qanunla mümkündürmü?


Baxıldı : 39

Tarix : 2018-11-23 21:08:04


Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qanunla mümkündürmü?

 

Yaşar QULİYEV,

Sumqayıt şəhəri.

- Mənzil Məcəlləsinin 20-ci maddəsinə  əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə həmin Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərtilə yol verilir.

Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir.

Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın.

Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə aşağıdakı hallarda yol verilmir:

1. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda.

2. Keçirilən sahə eyni zamanda mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə.

3. Keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla).

 

Zərərin əvəzi üzrə ödənişlər hansı qaydada ödənilir?

 

Nəsimi RZAYEV,

Xırdalan şəhəri.

 

- Mülki Məcəllənin 1125-ci maddəsinə əsasən, zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər.

Əlavə xərclərin ödənilməsi məbləğləri yollayışların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibb ekspertizasının rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər.

 

Qaçqın və  məcburi köçkün nə vaxt öz statusunu itirir?

 

Vəfa ƏLİYEVA,

Bakı şəhəri.

 

- Bu məsələ barəsində “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunun 14-cü maddəsində dəqiq göstərilmişdir. Qanuna əsasən, qaçqın statusunu şəxs aşağıdakı hallarda itirir:

vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin himayəsindən könüllü surətdə yenidən istifadə etdikdə;

öz vətəndaşlığından məhrum olub onu könüllü surətdə yenidən əldə etdikdə;

Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdikdə;

təqiblərdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı dövlətdə könüllü surətdə yenidən məskunlaşdıqda;

qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə vətəndaşı olduğu dövlətin himayəsindən daha imtina edə bilmədikdə (vətəndaşı olduqları dövlətin himayəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla);

müəyyən vətəndaşlığı olmayan şəxs onun qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə əvvəl adətən yaşadığı ölkəyə qayıda bildikdə (əvvəl adətən yaşadıqları ölkəyə qayıtmaqdan imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla).

Qaçqın daimi yaşayış üçün Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə Azərbaycan Respublikasının həmin qaçqın barəsində öhdəlikləri onun Azərbaycan Respublikasının dövlət sərhədini keçdiyi andan itirilir.

Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir:

əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə;

bu mümkün olmadıqda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

 

İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığorta olunana sığorta ödənişi kim tərəfindən təyin edilir və hansı müddətlərdə ödənilməlidir?

 

Səməd ƏSƏDOV,

Sumqayıt şəhəri.

 

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli, 196 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığorta olunana sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları”na əsasən, sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin Tibbi Sosial Ekspert Komissiyası (bundan sonra - TSEK) tərəfindən müəyyən edildiyi, habelə sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin ona təqdim edildiyi tarixdən 10 iş günündən gec olmayaraq, sığortaçının müvafiq qərarı ilə təyin edilir və müvafiq olaraq aşağıdakı müddətlərdə ödənlməlidir:

1. aylıq sığorta ödənişləri - sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin TSEK tərəfindən müəyyən edildiyi tarixdən hesablanmaqla, sığorta ödənişinin verildiyi hər təqvim ayının 25-dən gec olmayaraq. Sığorta ödənişi verilməyə başlandığı ilk aydan əvvəlki hər hansı ayın müvafiq tarixindən hesablanmalı olduğu halda, sığorta ödənişinin verildiyi ilk ay üçün nəzərdə tutulan ödəniş məbləğində əvvəlki aya (aylara) aid olan ödəniş məbləğləri də əlavə olunur;

2. birdəfəlik sığorta ödənişi - sığorta ödənişinin təyin edildiyi tarixdən 3 iş günü müddətində;

3. əlavə sığorta ödənişi - TSEK-in müvafiq qərarı ilə təyin edildiyi tarixdən həmin qərarla müəyyən edilmiş müddətdə.