“Yaşıl iş yerləri” istehsalat risklərini xeyli azaldır


Baxıldı : 93

Tarix : 2018-01-19 19:26:41



Ölkəmizin bir çox regionlarında modul tipli elektrik stansiyalar fəaliyyət göstərir. Son onillikdə yaranan və ən müasir texnologiyaya əsaslanan bu stansiyalar bölgələrin elektrik enerji təchizatında mühüm rol oynayır. Onlardan biri də Qusar rayonunda yerləşən Şahdağ Elektrik Stansiyasıdır. Stansiyanın ərazisinə daxil olanda sanki elə bil hansısa istirahət parkındasan. Gül-çiçək, yaşıllıq insanı bir an istehsal sahəsindən ayırır. Modul stansiyaların, demək olar ki, hamısını bu cür yaşıllıqlar əhatə edir. Belə şəraitdə işləmək ona əsas verir ki, işçilərin əməyinin mühafizəsi, sağlamlığı təmin edilir və layiqli əmək üçün yaxşı zəmin yaranır. Nahar fasiləsində, işdən kənar vaxtda gül-çiçək, yaşıllıq ətrafında gəzmək istehsalat risklərini xeyli azaldır.

Stansiyada əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə lazım olan bütün tədbirlər həyata keçirilir. Həmkarlar ittifaqı komitəsinin nəzdində əməyin mühafizəsi, işçilərin sağlamlığının mühafizəsi və digər komissiyalar, həmçinin əməyin mühafizəsi üzrə ictimai müvəkkil fəaliyyət göstərir. İşçilərin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə iş yerləri həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmış vəzifə və peşə təlimatları ilə tam təmin olunmuşdur.

Stansiyada əməyin mühafizəsi üzrə kollektiv müqaviləyə və nomenklatur tədbirlər planına əsasən, stansiyanın işçi personalı xüsusi geyimlər, fərdi, kollektiv mühafizə vasitələri ilə təmin olunub. Bu da istehsalat zədələnmələrinin və peşə xəstəliklərinin başvermə ehtimalını azaldır. Zərərli sahələrdə işləyən işçilərə profilaktika məqsədilə süd və süd məhsullarının verilməsi, iş yerlərinin və otaqların tibb çantası ilə təchizi, pulsuz yuyucu vasitələrin təmini, axşam və gecə saatlarında işləyənlərə əlavə əməkhaqqı və məzuniyyətlərin verilməsi , işçilərin hər il tibbi müayinədən keçirilməsi nəzarətdə saxlanılır. Bütün bu tədbirlərin nəticəsidir ki, uzun illərdir stansiyada bədbəxt hadisə qeydə alınmayıb.

Əhəd İBADOV