Yaşıllığı qoruyan özünün və uşaqlarının gələcəyini qoruyur


Baxıldı : 92

Tarix : 2018-05-12 04:11:32


Son on ildə ölkənin əsas magistral avtomobil yollarında 4443 hektar sahədə 5 milyon 500 minə qədər müxtəlif növ ağac və kol bitkiləri əkilib. Zeytun, badam, innab, püstə, findıq və qoz ağaclarının əkilməsinə üstünlük verilib.

Ulu öndərin doğum günündə Qala-Türkan yolunun yaşıllıq massivində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus tinglik sahələrində yetişdirilən 7 minə yaxın ağac əkildi. Nazirliyin həmkarlar ittifaqı təşkilatının üzvləri də bu iməcilikdə fəal iştirak etmişlər. Sahə həmkarlar ittifaqı Respublika Komitəsinin sədri Telman Quliyev bildirdi ki, biz hər il ulu öndərimizin ad günündə ağacəkmə kampaniyasında iştirak edirik. Ətraf mühitin qorunması hamımızın ən mühüm vəzifələrindən biridir. Çünki Heydər Əliyev Azərbaycan təbiətini çox sevirdi. Onun rəhbərlik etdiyi dövrlərdə də böyük yaşıllıq massivləri salınıb. O, həmişə qeyd edərdi ki, yaşıllığı qoruyan özünün və uşaqlarının gələcəyini qoruyur. Ulu öndər tərəfindən qoyulan bu ənənəni ölkə Prezidentimiz uğurla davam etdirir. İnkişafımızın ən mühüm strateji məqamlarından biri də ekoloji tarazlığın qorunması, insanların sağlam şəraitdə yaşamasını təmin etməkdir. Ona görə də milyonlarla ağac əkilib, park və xiyabanlar salınıb.

T.Quliyev daha sonra qeyd etdi ki, belə aksiyalarda həyata keçirilən ekoloji layihələr bütün regionları əhatə edir. Regionlarda yerləşən təşkilatlarımız da yaşıllıqlar salınmasında, təmizlik işlərində fəal iştirak edirlər. Nazirliyimizin ekologiyanın, əhalinin sağlamlığının təmin edilməsi sahəsində gördüyü işlər nümunə ola bilər.

Əhəd İBADOV