Yaxın 3 ildə pensiya və maaşlar artırılacaq


Baxıldı : 367

Tarix : 2015-10-17 00:52:00


İqtisadiyyat və Sənaye Nazirliyi 2016-2019-cu illərdə Azərbaycan iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair proqnoz göstəricilərini açıqlayıb. İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev bildirib ki, 2016-cı ildə ölkə üzrə iqtisadi artım 1,8 faiz, inflyasiya 3,3 faiz, növbəti üç ildə isə orta illik artım tempi 3,7 faiz gözlənilir. 2016-2019-cu illərdə ölkə iqtisadiyyatına yatırılan investisiyaların ümumi həcmi 66,1 milyard manat olacaq. Belə ki, gələn il investisiya qoyuluşları 18,8 milyard, o cümlədən xarici investisiyalara 8 milyard, neft sektoruna 8 milyard, qeyri-neft sektoruna isə 10,8 milyard manat investisiya yatırılacağı gözlənilir. 2017-2019-cu illərdə isə investisiyaların 47,3 milyard manat, o cümlədən xarici investisiyaların 15,4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Ş.Mustafayev bildirib ki, son illərdə olduğu kimi, 2016-cı ildə də iqtisadi artım qeyri-neft sektorunun hesabına təmin ediləcək və bu sahədə 3,4 faiz artım olacağı proqnozlaşdırılır. Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 71,8 faizə çatacaq. Qarşıdakı illərdə qeyri-neft sektorunun inkişafında, bu sahədə istehsal və ixrac potensialının artırılmasında qeyri-neft sənayesi əhəmiyyətli rol oynayacaq. Dövlətin sənayenin inkişafına dəstəyi daha da gücləndiriləcək, yeni istehsal sahələrinin yaranması və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılacaq. Bütövlükdə qeyri-neft sənayesi üzrə 2016-2019-cu illər üzrə orta hesabla 9, 2 faiz artıma nail olunacağı proqnozlaşdırılır. Qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sektor üzrə 2016-cı ildə 5,5 faiz, növbəti 3 ildə orta hesabla 5,2 faiz artım proqnozlaşdırılır. Ən yüksək artım yaxın illərdə informasiya-kommunikasiya sektorunda olacaq. 2016-cı ildə bu sahədə 13,5 faiz, növbəti 3 ildə isə orta illik 10,3 faiz artım gözlənilir. İqtisadiyyat və Sənaye naziri dövlətin sosial sahəyə diqqətinin əsas prioritetlərdən biri olacağını xatırladıb, bu sahəyə maliyyə ayırmalarının artması üçün zəruri tədbirlər görəcəyini diqqətə çatdırıb. 2016-cı ildə sosial proqramların icrası təmin ediləcək, orta aylıq əməkhaqqı artaraq 474,5 manata çatacaq, yaşayış minimumu 136 manat təşkil edəcək. 2017-2019-cu illərdə də sosial sahədə artım meyilləri proqnozlaşdırılır. Elbrus