Yay bitir, qayğı bitmir Neftçilərin yay istirahəti necə təşkil olundu?


Baxıldı : 56

Tarix : 2017-09-08 18:25:14


Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi bu yay mövsümündə də ittifaq üzvlərinin istirahətinin təşkili istiqamətində çox iş görə bildi. Bu məqsədlə hələ iyun ayında Respublika Komitəsinin Rəyasət Heyəti iclas keçirib qərar qəbul etmişdi. Qərara alınmışdı ki, yay aylarında neftçilərin və onların ailə üzvlərinin ölkəmizin səfalı guşələrində 2, 5 və 10 günlük istirahəti təşkil olunsun.

 

Qərarda nəzərdə tutulmuş məsələlərin həyata keçirilməsi işinə ilk təşkilatlar da cəlb edildi. Onlar kollektivləri bu barədə məlumatlandırdılar. Turist səfərinə getmək istəyində olan kollektiv üzvlərini müəyyənləşdirdilər. Hər birinin hansı məkanda dincəlmək arzusunda olduğunu öyrəndilər. Onu da dedilər ki, neftçilər tur paketin qismən dəyərini ödəyəcəklər.

Əldə olunan məlumatlar ilk təşkilatlar tərəfindən Respublika Komitəsinə göndərildi. Bu məlumatlar əsasında Respublika Komitəsi istirahət mərkəzlərini seçdi, onların rəhbərlikləri ilə danışıqlar apardı və sonda müqavilə bağladı. Müqavilələrdə neftçi turistlərin sağlamlığı, əyləncəsi, ləzzətli qidalanması və sair dəqiqliklə əksini tapmışdı. Turist bazalarının seçimi də asan başa gəlməmişdi. Respublika Komitəsinin yaratdığı xüsusi komissiya regionlara getmiş, demək olar ki, əksər turist bazalarına baxış keçirmişdir. Nəhayət, Qusarda "Park Qusar", "Qusar Göl", Nabran qəsəbəsində "Elay", "Palma", Lənkəranda "Meşəbəyi", "Palıdlı Sahil" istirahət mərkəzlərini münasib saymışlar.

Bu məkanlara turistlər pulsuz nəqliyyat vasitələri ilə yola salınmışlar. Yolasalma mərasimində Respublika Komitəsinin məsul işçiləri də iştirak ediblər. İstirahət mərkəzlərinə rahat, kondisionerli avtobuslarda turistlərlə birlikdə həmkarlar ittifaqı komitələrinin sədrlərindən də nümayəndə gedib. Nümayəndələrin əsas vəzifəsi mərkəzlərin əməkdaşlarının bağlanmış müqavilədə götürülmüş öhdəliklərə necə əməl olunduğunu nəzarətdə saxlamaq idi.

Bundan əlavə, istirahət mərkəzlərinə Respublika Komitəsinin rəhbərliyi qrafik üzrə mövsümboyu baş çəkib. Neftçi turistlərlə görüşüb, problemlərini, istəklərini soruşub. Ortaya çıxan xırda çatışmazlıqlar dərhal aradan qaldırılıb.

Respublika Komitəsi Təşkilat Şöbəsinin müdiri Həmid Musayev müxbirimizə bildirdi ki, mövsüm uğurlu alındı. Təxminən 4 minə yaxın sahə həmkarlar ittifaqı üzvü məzuniyyətinin bir neçə gününü təbiətin qoynunda, meşələrin sərinliyində və ya Xəzərin sahilində salınmış turist bazalarında keçirdi. Nə nəqliyyat, nə də xidmət baxımından əziyyət çəkmədilər. Turistlərimizin günlərinin şən və qayğısız keçməsindən ötrü hər cür şərait yaradılmışdı. Onlar bir-birindən maraqlı, əyləncəli proqramların iştirakçısı oldular. İdman yarışlarında güclərini sınadılar. Rəqs meydançalarında, diskotekalarda rəqs bacarıqlarını göstərdilər. Bölgələrin görməli yerlərinə səyahətlərə aparıldılar. Turist bazalarında üzvlərimizin uşaqları da darıxmağa macal tapmadılar. İstirahət onlar üçün də maraqlı və unudulmaz oldu. Həmid müəllim onu da qeyd etdi ki, turistləri yola saldığımız kimi, qarşıladıq da.

Artıq yay mövsümü başa çatmaq üzrədir. Amma həmkarlar ittifaqının işi başa çatmır. İndi onlar üzvlərinin daha  başqa qayğıları ilə yaşayacaqlar.

 Bəyalı RZAYEV