“Yaylaq Könüllü Düşərgəsi” layihəsi başa çatdı


Baxıldı : 49

Tarix : 2019-08-02 15:50:25


“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə “Yaylaq Könüllü Düşərgəsi”nə start verilib. Belə ki, qeydiyyat üzrə müsahibə prosesi əsasında seçilən iştirakçılar 4 gecə və 5 gün davam edən layihə çərçivəsində Gəncə şəhər, Göygöl, Goranboy və Şəmkir rayonlarında yerləşən təsərrüfat sahələrində olub, təlim və aqrar komplekslərə ekskursiyalarda iştirak ediblər.

Qeyd edək ki, aqrar sahəyə marağın artırılması və bu sahədə ixtisaslaşmış kadr potensialının inkişafına dəstək məqsədilə keçirilən “Yaylaq Könüllü Düşərgəsi” layihəsinin açılış mərasimi Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində baş tutub. Universitetin rektoru İbrahim Cəfərov tədbiri açıq elan edərək könüllülərə və iştirakçılara uğurlar arzulayıb.

Sonra “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə seçilmiş könüllülərin xidmət sahələri, tədbirin məqsədləri və gələcək hədəfləri barədə məlumat verib.

Kənd Təsərrüfatı Nazirliyi İnsan Resurslarının İdarəedilməsi Şöbəsinin müdiri Elvin Paşayev könüllülüyün insan kapitalının inkişafında vacib bir mərhələ olduğunu, dövlət tərəfindən insan kapitalına göstərilən dəstək fonunda gənclərin şəxsi inkişaf meyillərinin daha da artırılmasının vacibliyini vurğulayıb.  “Yaylaq Könüllü Düşərgəsi” kimi layihələrin bu amillərin həyata keçirilməsində xüsusi rol oynadığını bildirib.

Tədbirdə həmçinin “Aqrar Tədqiqatlar Mərkəzi”nin direktoru Firdovsi Fikrətzadə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının I müavini Elnur Rzayev və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxış edib, iştirakçılara uğurlar arzulayıblar.

Onu da bildirək ki, layihə çərçivəsində iştirakçılar debat-simulyasiya, videoçarxların hazırlanmasında, habelə “Aqrar marketinq və kənd təsərrüfatı haqqında fundamental biliklər”, “Heyvandarlıq” və digər mövzularda təlimlərdə iştirak ediblər.