Yazın gəlişini simvolizə edən qədim xalq bayramı


Baxıldı : 322

Tarix : 2018-03-16 23:54:46


 

Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur. Bir sıra şərq ölkələrində baharı şənliklərlə qarşılayırlar.

Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlayıb.

Tarixi mənbələrdə Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs edilmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğu qeyd edilmişdir.

Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur.

Birinci Su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirər, evin ətrafına çiləyər, üzlərini yuyardılar.

İkincisi Od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Şirniyyat dolu xonçalar düzəldilərdi.

Üçüncüsü Yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.

Dördüncüsü Torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar “Səməni, saxla məni, ildə göyərdərəm səni” deyib buğda isladardılar.

Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsüm və mərasim nəğmələri yaratmışdır.

Ölkəmizdə, adətə görə, Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır. Novruz şən və sevimli, xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır.

Qeyd edək ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu il fevralın 19-da isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.

Nazirlər Kabinetinin  qərarına əsasən,  2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləri kimi təsbit olunub və həmin günlər iş günü hesab edilmir.

 Azər MUSTAFAYEV