Yekunlar, vəzifələr, təltiflər


Baxıldı : 160

Tarix : 2018-03-02 23:27:51


Fevralın 28-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin iclası olmuşdur. İclası giriş sözü ilə Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev açmışdır.

Sonra “ATİAHİ Respublika Komitəsinin 2017-ci ilə dair ümumi illik statistik hesabatının təsdiqi barədə”, “2017-ci ildə ATİAHİ Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “2017-ci ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə”, “2017-ci ilin yekunlarına görə ittifaq üzvlərinin müalicə və istirahətinin təmin edilməsi sahəsində görülən işlər barədə” məruzələr dinlənilmişdir.

S.Möhbalıyev gündəlikdə duran məsələlərə münasibət bildirmiş, iradlarını və tövsiyələrini söyləmişdir. Demişdir ki, ittifaq üzvləri ilə qarşılıqlı münasibət fəaliyyətimizi dəyərləndirən əsas meyarlardan biridir. İttifaq üzvlərinin müraciətlərinə diqqətlə yanaşılmalıdır. Qanuni tələbləri ödənilməli, pozulmuş hüquqları müdafiə olunmalıdır. Elə də olur ki, bilərəkdənmi, bilməyərəkdənmi, qanun-qaydaları elə ittifaqımızın özü pozur. Onu işdə saxlamaq heç cür mümkün olmur. Belə olan halda da səbrlə, qanunlara əsaslanaraq həmin şəxsə real vəziyyət izah edilməlidir.

Səttar müəllim sanatoriyalara, istirahət mərkəzlərinə yollayışların verilməsində də, az da olsa, rast gəlinən problemlərə toxundu. Dedi ki, bəzi ittifaq üzvləri 5 il, hətta 10 il ardıcıl yollayış almaq üçün həmkarlar ittifaqı təşkilatlarına müraciət edirlər. Belələrinə izah etmək lazımdır ki, onlar bu tələbləri ilə digər həmkarlarının istirahət hüququnu pozurlar.

Səttar müəllim qeyd etdi ki, təşkilatımızın missiyasını layiqincə həyata keçirməsindən ötrü təkmil qanunvericilik bazası var. Dövlətimiz vətəndaş cəmiyyətinin tərkib hissəsi olan həmkarlar ittifaqına hər cür qayğı göstərir. Ən yaxşı həmkarlar ittifaqı liderinin, fəalının əməyi dövlət səviyyəsində qiymətləndirilir. Mən Respublika Prezidenti cənab İlham Əliyevin təşkilatımıza olan diqqətini xüsusi qeyd etmək istəyirəm. Möhtərəm Prezidentimiz bizim fəaliyyətimizin güclənməsinə, üzvlərimizin hüquqlarının daha cəsarətlə qorunmasına dair təkliflərimizə həmişə hörmətlə yanaşıb. Təsadüfi deyil ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının iştirakçıları aprelin 11-də keçiriləcək prezident seçkilərində ölkə başçısı vəzifəsinə cənab İlham Əliyevin namizədliyini yekdilliklə irəli sürdülər. Seçkilər günü bütün ittifaq üzvlərini onun namizədliyini dəstəkləməyə çağırdılar.

Sonda ötən il işdə fərqlənən bir qrup sahə həmkarlar ittifaqı liderinə və fəalına “Tərəqqi”, AHİK-in “Həmkarlar ittifaqında xidmətə görə” medalları, Fəxri fərmanı, “25 illik” yubiley döş nişanı, Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı təqdim olundu.